Şiyəkəran kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şiyəkəran kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, əvvəllər Şiyəkəran kəndində xeyli problemlər var idi. Sizinlə keçirdiyimiz görüşlərdən sonra bunlardan əksəriyyətinin həllinə birgə nail olmuşuq. Belə ki, kəndi iki hissəyə ayıran avtomobil körpüsü uzun illər idi qəzalı vəziyyətə düşmüşdü, aramsız yağışlar zamanı sel suları çayın sahilini yuyaraq təsərrüfatlarınıza ziyan vururdu, elektrik enerjisinin verilişində çətinliklər var idi, avtomobil yolları bərbad vəziyyətdə idi və digərləri. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı və sərəncamları ilə ayrılan vəsaitlər hesabına burada iki körpü inşa edilmiş, elektrik təsərrüfatının yenidən qurulması tamamlanmaq üzrədir, əsas yollar təmir edilərək asfaltlaşdırılmış, sürətli internet şəbəkəsi yaradılmış, 1 saylı tam orta məktəbin binası təmir olunaraq istilik sistemi yenilənmiş, körpələr evi-uşaq bağçası əsaslı təmir edilmiş, suötürücü kanallar lil və palçıqdan təmizlənmişdir. Təngərüdçayda müəyyən qədər sahilbərkitmə işləri aparılmış və bu iş davam etdirilir. Yeni bir layihə isə kəndin mərkəzindən keçməklə iki magistralı birləşdirən yolun asfaltlaşdırılmasıdır ki, yaxın zamanda bu da öz həllini tapacaqdır.
Narahatlıq doğuran vacib məsələlərdən biri isə kəndin pay torpaqlarının çox hissəsinin istifadəsiz qalmasıdır. Möhtərəm Prezidentimizin imzaladığı Sərəncamla ölkədə kənd təsərrüfatının inkişafından ötrü yeni Dövlət Proqramı təsdiq edilmişdir. Subsidiya və yardımaların məbləği artırılmış, fermer və sahibkarlar üçün hər cür şərait yaradılmışdır. Əminəm ki, siz də cənab Prezidentin çağırışına qoşularaq, torpağa münasibətinizi dəyişəcək, daha çox torpağı əkin dövriyyəsinə cəlb etməklə, təsərrüfatlarınızı böyüdəcəksiniz. Bu həm məhsul bolluğuna, həm də sizin şəraitinizin daha da yaxşılaşmasına səbəb olacadır.
Sakinlər ölkədə, o cümlədən, rayonda və kəndlərində görülən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Onlar Şiyəkəran kənd 1 nömrəli tam orta məktəbinə proyektor və elektron lövhə verilməsinə, 2 saylı tam orta məktəbin idman zalının təmir edilməsinə, həkim məntəqəsininin təmir edilərək həkim və laborant verilməsinə, kəndə baytar həkiminin ayrılmasına, Şiyəkəran-Pensər asfalt yolunda çalaların təmir edilməsinə, məscidə gedən yolun asfalt olunmasına, pay torpağına gedən yolun təmir edilməsinə, fərdi yaşayış evinə elektrik və qaz xəttinin çəkilməsinə, əyilmiş elektrik dirəklərinin düzəldilməsinə, Şiyəkəran kənd körpələr evi-uşaq bağçasının həyətindən keçən elektrik xəttinin yerinin dəyişdirilməsinə, məhəllələrində elektrik təsərrüfatının yenilənməsinə, iki ildən çoxdur ki, davam edən elektrik təsərrüfatında yenidənqurma işlərinin sürətləndirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı sakinlərin arzu və təkliflərini dinləmiş, irəli sürdükləri bəzi məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərləri barədə tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır.







