Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şiyəkəran kəndində səyyar qəbul və görüş

08 may 2025 | 15:39

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşünü Şiyəkəran kəndində keçirtmişdir. Görüşdə  rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə səyyar qəbulların keçirilməsi ənənəvi hal almışdır. Bunun müsbət nəticələrini hər birimiz görürük. Son illər Şiyəkəran kəndində də xeyli abadlıq-quruculuq işləri görülmüşdür. Bunlardan ən əsası hər birimizi hədsiz dərəcədə narahat edən, illərdir həllinə çalışdığımız Təngərüdçay üzərindəki, kəndi iki hissəyə ayıran qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünün tikintisi idi. Heç yerdə bu cür körpülərin təmiri üçün dövlət tərəfindən vəsait ayrılmadığı halda cənab Prezidentimiz humanistlik edərək bu körpünün inşası üçün vəsait ayrılmasından ötrü tapşırıq verdi və burada möhtəşəm bir körpü tikildi. Bundan başqa iki piyada asma körpü yenilənmiş, kəndaxili avtomobil yollarının bir qisminə asfalt döşənmiş, yeni internet şəbəkəsi çəkilmiş, 1 saylı tam orta məktəbin təmiri və kəndin elektrik xətt təsərrüfatının yenilənməsi davam edir. Diqqətinizə çatdırım ki, Təngərüdçayda ayrı-ayrı vaxtlarda sahilbərkitmə işləri aparılsa da, güclü yağışlar zamanı yenə də müəyyən yerlərdə çayın məcradan çıxaraq sahilyanı ərazilərə ziyan vurması  halları baş verir. Bunun qarşısının alınması üçün tədbirlər müəyyən edilmiş, sahilbərkitmə işləri bu il də davam etdiriləcəkdir.

Digər vacib məsələ təkcə bu ərazi üçün deyil, bütün rayonumuz üçün önəmli olan Şahağac-Pensər və Qamışoba-Pensər yollarının əsaslı təmir edilməsidir ki, bununla əlaqədar aidiyyəti üzrə müraciət olunmuş, yəqin ki, yaxın gələcəkdə həllini tapacaqdır.    

Görülən bütün işlər Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən inkişafın, yaradılmış sabitliyin nəticəsidir.

Abadlıq-quruculuq işlərinin təkcə rayonumuzla məhdudlaşmadığını qeyd edən icra başçısı cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alan tikinti-quruculuq işləri barədə də sakinləri məlumatlandırmışdır.   

Görüş iştirakçıları ölkədə, o cümlədən, rayonda və kəndlərində görülən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.

Sakinlər Şiyəkəran kənd 1 saylı tam orta məktəbin əsaslı təmirinə və məktəbə gedən yolun davamının asfaltlaşdırılmasına,  2 saylı tam orta məktəbin idman zalının təmir edilməsinə, kənd qəbiristanlığına gedən yolun asfaltlaşdırılmasına və məhəllə yollarının təmirinə, həkim məntəqəsinin təmir edilməsinə, Təngərüdçayda sahilbərkitmə işlərinin aparılmasına, Astara Mərkəzi Xəstəxanasına ixtisaslı həkimlərin cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri bəzi məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, digərləri barədə müzakirələr aparılaraq tədbirlərin görüləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər