Siyətük kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyətük kəndində keçirtdiyi səyyar qəbul-görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, dəfələrlə nümayəndəliyin bu və digər kəndlərində görüşlərimiz olmuşdur. Bu gün də ənənəvi görüşlərdən biridir. Həmişə tərəfinizdən qaldırılan problemlərin həlli üçün birgə çalışmışıq. Bunun müsbət nəticələri göz qabağındadır. Son illər Siyətük, Şuvi və Deqadi kəndlərində müasir tipli yeni məktəb binaları tikilmiş, Ərçivan-Şuvi-Siyətük-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu çəkilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılaraq yeni transformatorlar quraşdırılmış, Deqadi və Səlivə kəndlərinə qaz xətti çəkilməklə ən mühüm problem həllini tapmışdır. Hazırda Sərək kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni binanın tikintisi uğurla davam etdirilir.
Kəndin insanları zəhmətkeş, gəncləri vətənpərvərdirlər. Sahibkarlar tərəfindən nümayəndəliyin ərazisində salınan aqrar təsərrüfatlar əhalinin məşğulluğuna böyük köməkdir. Gələcəkdə bu təsərrüfatlar böyüdükcə daha çox işçi qüvvəsinə ehtiyac olacaqdır.
İcra başçısı bildirmişdir ki, bütün bu işlər Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilir. Ulu Öndərin bizə əmanəti olan müstəqil Azərbaycanımız günü-gündən inkişaf edir, güclənir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və vətənpərvər, qəhrəman oğullarımızın fədakarlığı ilə uzun illər düşmən tapdağında olan torpaqlarımız tammamilə işğaldan azad edilmişdir. İndi dünyanın siyasi gücləri Azərbaycanın heç bir kənar müdaxilə olmadan ərazi bütövlüyünü təmin edərək suverenliyini bərpa etməsindən danışır. Bu bizə qürur verdiyi kimi, düşmənlərimizi və onların havadarlarını sarsıdır. Ötən müddət ərzində haqq işimizə nə qədər mane olsalar da, bunun qarşısını ala bilmədilər. Cənab Prezidentin möhkəm siyasi iradəsi və müdrikliyi, rəhbərlə xalqın birliyi sayəsində bu nailiyyətləri əldə etmişik. Həmin qüvvələr bu gün də çirkin əməllərindən əl çəkmirlər. Nəyin bahasına olursa olsun yenidən xalqlar arasında nifaq salmağa, sülhü əngəlləməyə çalışırlar. Lakin böyük siyasi uzaqgörənliklə hədəflənən məsələlər, planlı şəkildə həllini tapmaqdadır. Bu yaxınlarda bir güllə belə atılmadan daha 4 kəndimizin geri qaytarılması dediklərimizə sübutdur.
Ölkəmizin inkişafını əngəlləmək istəyən xarici qüvvələr, erməni revanşistləri ilə işbirliyi quranlar nə qədər təxribat və təbliğatlar aparsalar da, istəklərinə nail ola bilməyəcəklər. Çünki bizim müdrik Prezidentimiz və Prezidentinə hədsiz inanan və güvənən xalqımız vardır. Bundan sonra bu birlik daha da möhkəmlənəcək və düşmən qüvvələrə çirkin niyyətlərini həyata keçirməyə imkan verməyəcəklər.
Hazırda işğaldan azad edilən ərazilərimiz başda olmaqla, ölkəmizin hər yerində böyük layihələr icra edilir. Tikinti-quruculuq işləri geniş vüsət alıb. Cənab Prezidentin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bununla əlaqədar sakinlərimiz də “Təmiz Astara” devizi altında vaxtaşırı iməciliklər keçirərək rayonumuzun ərazisində yaşıllıqlar salır, təmizlik-abadlıq işləri görürlər. İlin sonunda 100 minə yaxın qonağın iştirakı ilə ölkəmizdə COP29 beynəlxalq tədbirinin keçiriləcəyini nəzərə alsaq bu işlərə daha çox diqqət ayırmağın vacibliyini xatırlatmalıyam.
Sakinlər çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini vurğulamış, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, ölkədə və rayonda aparılan çoxsaylı quruculuq-abadlıq işlərinə görə minnətdarlıqlarını bildirmişlər.
Görüş iştirakçıları həmçinin məhəllədə əlavə elektrik transformatorunun qoyulmasına, kənddə qazılmış subartezian quyusunun bərpa edilməsinə, evlərə internet xətlərinin çəkilişinin sürətləndirilməsinə, Siyətük-Şuvaş avtomobil yolunun təmirinə köməklik göstərilməsini xahiş etmişlər.
Qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Sonda icra başçısı inşası aparılan Sərək kənd tam orta məktəbində və əsaslı təmir olunan Çayoba-Astara avtomobil yolu üzərindəki Gəzəndaş körpüsündə tikinti işləri ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.