Şümrüd kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə müntəzəm xarakter alan görüşünün növbəti ünvanı Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şümrüd kəndi olmuşdur.
İcra başçısı əvvəlcə Şümrüd kəndində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün yeni salınan yaşayış massivində olmuş, mürəkkəb relyefi nəzərə alaraq işlərin yağışlar başlayanadək keyfiyyətlə görülüb başa çatdırılmasından ötrü tövsiyə və tapşırıqlarını vermişdir.
İcra başçısı Şümrüd kəndində sakinlərlə görüşmüş, bildirmişdir ki, evləri sürüşməyə məruz qalmış sakinlərimiz üçün yeni evlərin inşa edildiyi böyük tikinti meydançasında oldum. Burada işlər keyfiyyətlə aparılır. Pəlikəş kəndindən bura geniş, rahat yol çəkilmişdir. Bu problem bizi çox narahat edirdi. İnşallah tezliklə sakinlər yeni evlərinə köçüb rahat şəkildə yaşayacaqlar. Bu münasibətlə hər birinizi təbrik edirəm.
İşğaldan azad edilmiş torpaqlarımızda çox böyük tikinti-quruculuq işləri aparıldığı bir zamanda, paralel olaraq ucqar dağ kəndində 18 evdən ibarət belə geniş yaşayış kompleksinin tikintisi görünməmiş hadisədir. Bilirsiniz ki, erməni quldurları uzun illər işğal altında saxladıqları ərazilərimizdə talançılıq etmiş, tarixi abidələr də daxil olmaqla bütün yurd yerləri viran edilmiş, infrastruktur tamamilə dağıdılmışdır. Hazırda sürətlə onların bərpası aparılır. Bu görülən işlər isə cənab Prezidentin ölkənin hər bir vətəndaşına olan hədsiz qayğısının təzahürüdür.
Bu kənddə bizi narahat edən digər məsələ məktəb tikintisi idi ki, buna da yaxınlarda başlayacaqlar. Artıq mütəxəssislər burada olmuş, tikinti layihələndirilmiş, digər hazırlıq işlərinə başlanmışdır. Yeni məktəb binası tikiləndən sonra uşaqlarınız daha abad, müasir təhsil ocağında təhsil alacaqlar. İnanıram ki, burada daha savadlı, vətənpərvər gənclər yetişəcəkdir.
Kənddə elektrik xətt təsərrüfatında müəyyən təmir işləri aparılmış, çürümüş dirəklər yenisi ilə əvəz olunmuş, daha böyük gücdə elektrik transformatoru qoyulmuşdur.
Avtomobil yolunun təmiri də diqqətdədir. Bununla əlaqədar aidiyyəti üzrə etdiyimiz müraciətə baxılmış, bu da məqamında həllini tapacaq.
Bütün bu inkişafın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər doxsanıncı illərdə böyük tənəzzül içində olan, yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı qüdrətli bir dövlətə çevirə bildi. Onun layiqli davamçısı, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev isə inamla Azərbaycanımızı tərəqqi zirvələrinə aparır. Ölkəmizin inkişafı göz qabağındadır. Bütün sahələrdə aparılan islahatlar ordu quruculuğundan da yan keçməmişdir. Hazırda Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Biz Vətən müharibəsində bunun bir daha şahidi olduq. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz 44 gün müddətində torpaqlarımızı düşməndən azad etdi. Zaman-zaman törədilmiş soyqırımların, bütün şəhidlərimizin qisası alındı. Baxmayaraq ki, quldur düşmən təxribatlarından əl çəkmir. Ancaq qəhrəman ordumuz hər an düşmənin layiqli cavabını verir. Bu yaramaz hərəkətlər onlar üçün çox baha başa gəlir. Bu yaxınlarda ermənilərin təxribatlarına cavab olaraq keçirilən “Qisas” əməliyyatında bunun şahidi olduq. İndi işğaldan azad edilən bütün torpaqlarda şanlı bayrağımız dalğalanır. Azərbaycanın bir qarış torpağı da düşməndə qalmayacaq.
İcra başçısı hazırda Respublikada qlobal layihələrin həyata keçirildiyini bildirərək bunların ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Borcumuz cənab Prezidentin ətrafında sıx birləşməklə, ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi qorumaq və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməkdir.
Sakinlər çıxış edərək tikilən yeni evlərə görə icra başçısından razılıq etmiş, cənab Prezidentə bu diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını bildirmişlər. Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini, qalib ölkənin vətəndaşları olmaqdan qürur duyduqlarını bildirmişlər. Vılikörpüdən kəndə qədər olan yolun əsalı təmiri, yeni məktəb binasının tikintisi barədə arzu və təkliflərini də bildirmişlər.