Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Suparibağ kəndində səyyar qəbul və görüş

05 may 2022 | 15:08

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Suparibağ kəndində əhali ilə keçirdiyi səyyar qəbul-görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

 İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, əvvəllər mütəmadi olaraq sizinlə Suparibağ, Rudəkənar, Qapıçıməhəllə, Məscidməhəllə, Seləkəran kəndlərində keçirdiyimiz görüşlər səmərəli olmuş, təklifləriniz əsasında qaldırılan problemlərin həlli üçün birgə çalışmış, həllinə nail olmuşuq. Ərazidə çox işlər görülüb. Bir neçə müasir tipli yeni məktəb tikilib istifadəyə verilmiş, yollar asfaltlaşdırılmış, Astaraçayda sahilbərkitmə işləri aparılmışdır. Son iki ildə pandemiya şəraitində yaşadığımız üçün bütün tədbirlər, o cümlədən, səyyar qəbulların keçirilməsi dayandırılmışdı. Nəhayət xəstəlik səngidiyindən sonra yenidən sizinlə görüşmək imkanı yaranmışdır. Buyurun sizi dinləyirik.

Çıxış edənlər cənab Prezidentin Respublikada həyata keçirdiyi mühüm əhəmiyyət kəsb edən, ölkəmizin inkişafına, tərəqqisinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə yönələn çoxsaylı dövlət tədbirlərdən razılıqla danışaraq, bu diqqət və qayğıya görə ölkə başçısına hədsiz minnətdarlıqlarını bildirmişlər. Rayon icra hakimiyyəti başçısının pandemiyadan sonra yenidən onların görüşünə gəlməsini, söylənən problem və təkliflərə həssaslıqla yanaşaraq həllinə köməklik göstərməsini diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Sakinlər kənd ara yollarının təmiri, məktəbdaxili elektrik xətlərinin təmiri, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, kəndə içməli su xəttinin çəkilməsini  xahiş etmişlər.

Kənddə böyük problemlərin qalmadığını qeyd edən icra başçısı səmimi görüşə görə tədbir iştirakçılarına minnətdarlıq etmiş, əsas problemin yaz və payız fəslində daşaraq sakinlərə böyük çətinliklər yaşadan Astaraçayda sahilbərkitmə işlərinin aparılması ilə aradan qaldırıldığını bildirmişdir. Qeyd etmişdir ki, bu işlərin görülüb başa çatdırılması üçün cənab Prezidentin vəsait ayırması ölkə rəhbərinin öz vətəndaşlarına olan böyük diqqətin təzahürüdür. Görülən bu və ya digər işlərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi olduğunu bildirmiş, bütün sakinlər adından bu diqqət və qayğıya görə ölkə rəhbərinə  minnətdarlığını ifadə etmişdir. Bildirmişdir ki, ucqar rayonlarda, kəndlərdə mövcud olan sosial problemlərin qısa müddətdə belə sürətlə həll edilməsi ölkənin böyük iqtisadi gücündən xəbər verməklə, həm də rəhbərin öz xalqına hədsiz diqqətinin bariz nümunəsidir. 

İcra başçısı qeyd etmişdir ki, Ələt-Astara beynəlxalq avtomobil yolunun İran İslam Respublikasının ərazisinə keçən hissəsində gələcəkdə gömrük keçid məntəqəsinin tikintisi, logistika mərkəzinin yaradılması nəzərdə tutulub ki, bu da kəndin inkişafına müsbət təsir göstərməklə burada çoxlu iş yerləri də açılacaqdır. Bütün bunlar əhalinin güzəranına müsbət təsir edən amillərdir. Bu kəndin əhalisi zəhmətkeş, torpağa bağlı insanlardır. Dövlətimiz kənd təsərrüfatı sahələrinin inkişafına subsidiyalar ayırıb. Bunlardan səmərəli istifadə etməyə çalışın.   

Burada sadaladığınız  bir çox məsələlərin həllinə tapşırıqlar verdim. Digər məsələlər də tədricən həllini tapacaq. Çünki ölkəmiz inkişaf edir, iqtisadi gücü gündən-günə artır.  

İcra başçısı ölkədə həyata keçirilən sosial layihələrin icrasının davamlı olacağını diqqətə çatdırmış, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Sonda icra başçısı Suparibağ kənd tam orta məktəbinin şagirdlərinin “Şuşa ili” ilə əlaqədar hazırladıqları sərgi ilə tanış olmuşdur.

Keçidlər