Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Suparibağ kəndində səyyar qəbul və görüş

24 aprel 2025 | 16:34

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kəndində əhali ilə səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. 

İcra başçısı bildirmişdir ki, ənənəmizə sadiq qalaraq yerlərdə sakinlərlə görüşləri davam etdirik. Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin də bütün kəndlərində vaxtaşırı görüşlərimiz olmuşdur. Bunun da müsbət nəticələri hamımıza bəllidir. Tərəfinizdən qaldırılan problemləri, verilən təklifləri  nəzərdən keçirərək həllinə köməklik göstəririk. Son illər nümayəndəlik ərazisində xeyli iş görülmüşdür. Bir neçə yeni məktəb binasının tikintisi, yolların asfaltlaşdırılması, sürətli internet şəbəkəsinin çəkilməsi, elektrik xətt təsərrüfatında aparılan təmir işləri dediklərimizə sübutdur. Bundan başqa Rudəkənar kəndindən Astara şəhəri istiqamətində piyada səki düzəldilmiş, yolda işıqlandırma aparılmış, Suparibağ kəndinin mərkəzində şəhidlərin xatirə guşəsi yaradılmışdır. Astaraçayda aparılan sahilbərkitmə işləri isə xüsusilə qeyd edilməlidir. Payız-qış mövsümündə güclü yağışlar zamanı çayda suyun səviyyəsi qalxaraq insanların həyatı üçün təhlükə yaradır, təsərrüfatlara böyük ziyan vururdu. Sel vahiməsi bizi və sakinləri daim narahat edirdi. Cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına çayda sahilbərkitmə işləri aparılmış, bu problem birdəfəlik həllini tapmışdır.

İcra başçısı ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli inkişafı, uğurlu daxili və xarici siyasəti barədə görüş iştirakçılarını məlumatlandırmış, ölkə rəhbərinin diqqət və qayğısıyla həyata keçirilən böyük layihələrin insanların həyatına gətirdiyi rahatlıqdan danışmışdır.

Qeyd etmişdir ki, güclü dövlətimiz hazırda qalib sərkərdənin rəhbərliyi ilə Qarabağda sürətli tikinti, bərpa işləri aparır. Lakin məğlubiyyətlərini həzm edə bilməyən düşmən qüvvələr fars-molla rejimi ilə birləşərək çirkin niyyətlərindən əl çəkmir, təxribatlar aparır, xalqlarını fəlakətə sürükləyirlər. Ona görə də biz hər zaman olduğu kimi indiki dönəmdə cənab Prezidentin ətrafında dəmir yumruq kimi daha möhkəm birləşərək günbəgün inkişaf edən dövlətimizi qorumalıyıq. Yaşadığınız Suparibağ kəndi və yanaşı kəndlər sərhəddə yerləşdiyindən siz daha çox ayıq-sayıq olmalı, hər cür fitnə-fəsadın, təxribatın qarşısını almaqdan ötrü sərhədçilərə, hüquq-mühafizə orqanlarına köməkliyinizi göstərməlisiniz.      

Sakinlər çıxış edərək ölkəmizin uğurlu inkişafını təmin edən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirən Müzəffər Prezident, möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Yerlərdə əhali ilə tez-tez görüşlər keçirtdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına təşəkkür etmiş, Suparibağ kənd tam orta məktəbinin dam örtüyünün, idman zalının, kanalizasiya sisteminin və su hovuzunun təmir olunmasına, pay torpaqlarının yerlərinin yenidən dürüstləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir.

Keçidlər