Suparibağ kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin vətəndaşlarla müntəzəm xarakter alan səyyar qəbul-görüşləri davam edir. Suparibağ kəndində əhali ilə keçirtdiyi növbəti səyyar qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı Suparibağ kənd və nümayəndəliyə daxil olan digər kəndlərdə səmərəli və işgüzar şəraitdə keçən görüşlərdə qaldırılan məsələlərin əksəriyyətinin həllini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, Suparibağ kəndində elektrik xətlərinin bir hissəsi SİP kabelləşdirilmiş, internet xətti çəkilmiş, kənddən keçən dairəvi avtomobil yolu təmir edilmişdir. Ümumilikdə nümayəndəliyə daxil olan kəndlərdə isə daha çox işlər görülmüşdür. Yenə sizi narahat edən məsələlər varsa həllinə birlikdə nail olmağa çalışarıq.
Çıxış edənlər cənab Prezidentin ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirtdiyi çoxsaylı dövlət tədbirlərindən razılıqla danışaraq bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla görüşünü, söylənən problem və təkliflərə həssaslıqla yanaşaraq həllinə köməklik göstərməsini yüksək dəyərləndirmişlər. Sakinlər elektrik xətt təsərrüfatının tam SİP kabelləşdirilməsini, Suparibağ kənd tam orta məktəbinin damının, kanalizasiya sisteminin, su hovuzunun və idman zalındakı elektrik xətlərinin təmirinə, məhəllə yoluna çınqıl döşənməsinə, həyətinə gedən zəbt olunmuş yolun açılmasına, pay torpağının yerinin göstərilməsinə, həyətində təhlükə yaradan elektrik xətlərinin yerinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Görüş iştirakçılarının arzu və təklifləri dinlənilmiş, qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirilmişdir.
Kənddə böyük problemlərin qalmadığını qeyd edən icra başçısı bütün bunların möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi olduğunu bildirmişdir. Ölkəmizin inkişaf etdiyini, iqtisadi gücünün gündən-günə artdığını qeyd edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə düşmən üzərində qazanılan qələbədən sonra müstəqil Azərbaycanımızın şöhrəti və nüfuzunun dünyada daha da artdığını bildirmişdir.
İcra başçısı qeyd etmişdir ki, ölkəmizin yüksək inkişafı və beynəlxalq miqyasda artan nüfuzundan ehtiyat edən müəyyən qüvvələr yeni terror və təxribatlar törətmək, bölgədə gərginlik yaratmaq üçün çirkin əməllərindən əl çəkmirlər. Erməni terrorçuları ilə birləşən fars-molla rejiminin təhdidlərindən ölkəmizi qorumaq üçün hər zaman olduğu kimi cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumalı, Azərbaycanımızın daha da qüdrətlənməsi üçün var qüvvəmizlə çalışmalıyıq.