Şuvaş kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şuvaş kəndində əhali ilə keçirtdiyi görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı nümayəndəliyin bütün kəndlərində vaxtaşırı səyyar qəbullar keçirtdiyini, qaldırılan problemlərin böyük əksəriyyətinin həllini tapdığını bildirmişdir. Qeyd etmişdir ki, nümayəndəliyin əsas avtomobil yolları asfaltlaşdırılmış, yeni məktəb binaları və Səncərədi kəndində uşaq bağçası tikilmiş, qaz xətti çəkilmiş, yeni internet şəbəkəsi yaradılmış, elektrik xətt təsərrüfatında cari təmir işləri görülmüşdür. Bir neçə il əvvəl burada iştirakınızla qazın və avtomobil yolunun açılışını etmişik.
Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu qonşu kəndlərlə yanaşı bu kəndin də inkişafında böyük əhəmiyyət kəsb edir. Asfalt yollar istifadəyə verildikdən sonra əhalinin güzəranı yaxşılaşmış, rahatlıq təmin edilmişdir. Müəyyən xırda problemlər qalıb ki, onlar da tədricən həllini tapacaqdır. İldən-ilə iqtisadi gücünü artıraraq güclənən ölkəmiz üçün bunlar heç də böyük məsələlər deyil.
Dövlətimiz öz gücünü, xalqımız birliyini 44 günlük Vətən müharibəsi savaşında bir daha dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı nəticəsində azad edilən Qarabağ və Şərqi Zəngəzurda hazırda sürətli quruculuq işləri aparılır. Mənfur düşmənin taladığı şəhər və kəndlərimiz sürətlə bərpa edilərək bütün infrastruktur yenidən qurulur.
Rayonumuz da ölkədə gedən inkişafdan geri qalmır. Yeni-yeni layihələrlə gözəlləşən Astaramızda bütün sahələrdə inkişaf göz önündədir. Son illər bütün kəndarası avtomobil yolları asfaltlaşdırılmış, müxtəlif sosial obyektlər inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Dürriyə-Şümrüd avtomobil yolu salınandan sonra Heydər Əliyev Fondu tərəfindən Şümrüd kənd tam orta məktəbi üçün müasir tipli yeni binanın tikintisinə başlanmışdır. Qonşu Sərək kəndində inşa edilən məktəb binasının tikintisi də müvəffəqiyyətlə davam edir.
Hazırda həlli vacib əsas məsələnin kəndin avtomobil yolunun əsaslı təmiri və əlavə elektrik transformatorunun quraşdırılması olduğunu qeyd edən icra başçısı transformatorun qısa bir vaxtda quraşdırılması üçün tapşırıq verərək yolun da yaxın gələcəkdə təmir olunacağını bildirmişdir. Qeyd etmişdir ki, rayonda elektrik xətt təsərrüfatı istismar müddətini başa vurduğundan xətt təsərrüfatında tez-tez qəzalar baş verir. Buna baxmayaraq əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır. Rayonda elektrik xətt təsərrüfatı tədricən tamamilə yenilənəcəkdir. Bununla əlaqədar artıq müəyyən işlər görülür.
Sakinlər çıxış edərək ölkədə və rayonda aparılan geniş abadlıq-quruculuq işlərindən, ən ucqar yaşayış məntəqələrinin sosial problemlərinin həllindən məmnunluğunu bildirərək, əhalinin rahat yaşayışının təmin edilməsi sahəsində göstərilən qayğı və diqqətə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Onlarla görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.
Çıxış edənlər suötürücü kanalın təmizlənməsinə, əlavə elektrik transformatorun qoyulmasına, Şuvaş-Səncərədi yolunun təmirinə, pay torpaqlarına gedən yolun açılmasına, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı müəyyən məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.