Şuvaş kəndindəki səyyar qəbulu və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şuvaş kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı rayonun yaşayış məntəqələrində əhali ilə keçirilən görüşlərin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, yerlərdə təşkil olunan səyyar qəbullarda əhalinin dinlənilməsi, sakinləri narahat edən problemlərin öyrənilərək həlli barədə tədbirlərin görülməsi rayonumuzda ənənə halını almışdır. İl ərzində demək olar ki, rayonun bütün yaşayış məntəqələrində səyyar qəbullar keçirilir. Ötən görüşlərdə qaldırılan məsələlərin əksəriyyəti həllini tapmışdır. Zamanında burada təbii qazın açılışını etmişik. Sonralar elektrik xətt təsərrüfütında təmir işləri aparılmış, Ərçivan-Sərək-Şuvi-Vəznəş-Siyətük-Şuvaş-Alaşa-Qapıçıməhəllə və Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş dairəvi asfalt yolları çəkilmiş, yeni internet şəbəkəsi yaradılmışdır. Bütün bunlara görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Şuvaş kəndi rayonun ən mənzərəli yaşayış məntəqələrindən biridir. Ərazidə təbiətin qoynunda səfalı istirahət yerləri çoxdur. Yaxınlıqda turistlər və rayona gələn qonaqlar üçün çox maraqlı olan Əlişah qalası və İsti-su ərazisi yerləşir. Ötən il qala ərazisində aparılan qazıntı-tədqiqat işləri nəticəsində böyük tarixi əhəmiyyətə malik bir sıra tədqiqat materialları aşkar edildi. Gələcəkdə ərazidə yeni turizm obyektləri salındıqca gələn qonaqların sayı daha da artacaqdır.
İcra başçısı respublikamızda görülən mühüm işlərdən, həyata keçirilən qlobal layihələrdən danışmışdır. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin əmin-amanlıq şəraitində yaşayan xalqımızın rifahının daha da yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirdiyini diqqətə çatdırmış, bunların ölkə rəhbərinin xalqına olan yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirmişdir.
Kənd sakinləri çıxış edərək rayonumuzda və nümayəndəliyin ərazisində gündən-günə geniş vüsət alan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər Şuvaş-Səncərədi yolunun qalan hissəsinin asfaltlaşdırılmasına, Şuvi-Şuvaş yolunun təmir edilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.







