Şuvi kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kəndində keçirtdiyi səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, dəfələrlə nümayəndəliyin bu və digər kəndlərində görüşlərimiz olmuşdur. Bu görüşlərdə qaldırdığınız problemlərin həlli üçün birgə çalışmışıq. Bunun nəticəsidir ki, ərazidə xeyli iş görülmüş, əsas problemlər həllini tapmışdır. İlk əvvəllər buraya görüşə gələndə kəndin yolu bərbad vəziyyətdə idi, şagirdlər köhnə, darısqal sinif otaqlarında dərs keçirdilər. Cənab Prezidentin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına Ərçivan-Şuvi-Siyətük-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu çəkilmiş, Siyətük, Şuvi və Deqadi kəndlərində müasir tipli yeni məktəb binaları tikilmiş, ötən il Deqadi və Səlivə kəndlərinə qaz xətti çəkilməklə ən mühüm problem həllini tapmışdır. Hazırda Sərək kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Qısa müddətdə müasir tipli bu məktəb binası istifadəyə veriləcəkdir.
Şuvi kəndinin sakinləri zəhmətkeş insanlardır. Cənab Prezidentin bölgəmizdə çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı imzaladığı Sərəncamlardan sonra burada salınan sitrus bağlarının sahəsi xeyli artmışdır. Mən bir daha xatırladıram ki, yeni salınan sitrus bağlarının hər hektarına növündən asılı olaraq 9-11 min manat birdəfəlik pul vəsaiti verilir. Bundan əlavə digər güzəştlər də vardır. Bu dövlət dəstəyindən faydalanaraq, boş qalan bütün torpaqlardan təyinatı üzrə səmərəli istifadəyə səy göstərilməlidir. Qonşu Səlivə kəndində hektarlarla ərazidə avokado və digər ekzotik meyvələrdən ibarət bağ salınmışdır. Bu nəinki ölkəmizdə bütün Qafqazda bir ilkdir. Gələcəkdə bu bağlardan yığılan məhsul alıcılara Astara brendi kimi təqdim olunacaqdır. Bütün bunlar əhalinin dolanışığı və məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.
İcra başçısı ölkə Prezidenti möhtərəm İlham Əliyevin beynəlxalq aləmdə apardığı uğurlu xarici siyasətdən, ölkəmizdə həyata keçirilən mühüm layihələrdən, erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli tikinti-quruculuq işlərindən danışmış, iqtisadi fakturları önə çəkərək görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Sakinlər çıxışlarında müstəqil dövlətimizi bugünkü yüksək inkişafa çatdıran, dünyada sayılıb seçilən dövlətlər sırasına çıxaran, torpaqlarımızı işğalçılardan azad etməklə qalib dövlətə çevirən, vətəndaşlarına yüksək diqqət və qayğı göstərən möhtərəm Prezident İlham Əliyevə minnətdarlıq etmiş, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına təşəkkür etmişlər. Sakinlər həmçinin Ərçivan-Şuvi-Siyətük-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolunun təmir edilməsinə, Şuvi-Deqadi kanalüstü yolun yenidən çəkilməsinə, Şuvi kənd uşaq bağçası üçün yeni binanın tikilməsinə, Sərək-Deqadi avtomobil yolunda körpünün qoyulmasına, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.