Taxtanəkəran kəndində səyyar qəbulu və görüşu
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Taxtanəkəran kəndində səyyar qəbul keçirmişdir. Görüşdə rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, ötən il rayonun bütün yaşayış məntəqələrində səyyar qəbullar keçirmişik. Bu görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan əksər problemlərin həllinə nail olmuşuq. Müəyyən məsələlərin həlli barədə təhlillər aparılmış, tərəfimizdən aidiyyəti üzrə müraciətlər olunmuşdur. Taxtanəkəran kəndində və bütövlükdə nümayəndəliyin ərazisində son illər xeyli iş görülmüşdür. Avtomobil yolları asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatında 90 faiz kabelləşmə aparılmış, sahilbərkitmə işləri aparılaraq avtomobil körpüləri tikilmiş, sürətli internet şəbəkəsi yaradılmışdır. Kəndə magistral qaz xətti çəkilsə də, bu işlər hələ tamamlanmamışdır. İşlərin yekunlaşdırılması üçün tədbirlər görülür.
Kənd sakinləri əsasən sitrus əkininə üstünlük verməklə ildən-ilə təsərrüfatlarını genişləndirirlər. Rayonumuza gətirilən yeni sitrus meyvə tinglərinin əkilməsinə daha çox üstünlük verirlər. Bununla da əhalinin keyfiyyətli və daha çox məhsul əldə etmələrinə imkanlar artmışdır.
Yaşadığınız ərazi dağlıq olsa da, turizmin inkişafı üçün olduqca əlverişli olan rayonumuzun ən gözəl guşələrindən biridir. Yollar asfaltlaşdırılandan sonra yeni obyektlər açılmış, bu ərazilərə turistlərin gəlişi xeyli artmışdır. Güclü iqtisadiyyata malik olan dövlətimiz vətəndaşlarının daha rahat və firavan yaşaması, təminatlı olması üçün yeni-yeni layihələrin icrasını həyata keçirir. Əsas odur ki, ölkəmizdə əmin-amanlıq və sabitlikdir.
Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev ölkəmizin dayanıqlı inkişafını təmin etmək, əhalinin rifahını daha da yaxşılaşdırmaq üçün əlindən gələni edir. Ən böyük layihələrin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsinə baxmayaraq digər bölgələrimiz, o cümlədən, rayonumuz da gündən-günə inkişaf edir, abadlaşır. Bu abadlıq-quruculuq işləri davamlı olaraq aparılacaqdır. Bütün kəndlər qazlaşdırılacaq, yollar asfaltlaşdırılacaq, rayonumuz respublikanın ən abad, problemlərin olmadığı məkanlardan birinə çevriləcəkdir. Hazırda bütün dünyanın gözü hərtərəfli yüksəlişdə olan, sabit siyasət yürüdən Azərbaycandadır. Biz xoşbəxt xalqıq ki, qüdrətli dövlətimiz və İlham Əliyev kimi güclü liderimiz var.
İcra başçısı dünyada baş verən qlobal hadisələr barədə əhalini məlumatlandırmış, belə bir dövrdə birlik nümayiş etdirməklə dövlətçiliyimizi qorumaq, ölkə rəhbəri ətrafında daha da sıx birləşməyin vacibliyi barədə danışmışdır.
Görüş iştirakçıları cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən qürurla danışaraq əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Səmimi görüşə və qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə təşəkkür etmiş, Taxtanəkəran kəndində yeni elektrik transformatorunun qoyulmasına, evlərə qaz xəttinin çəkilməsi üçün sənədləşmə işlərində olan problemlərin həllinə, Rinə kəndinin yuxarı məhəlləsinə gedən yolun 700 metr hissəsinin asfaltlaşdırılmasına, kəndin elektrik xətt təsərrüfatının SİP kabelləşməsinə, elektrik xəttində ayırıcı açarın qoyulmasına, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə, köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşların arzu və təkliflərini dinləmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.







