Təngərüd kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Təngərüd kəndində keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Həsənov ötən müddət ərzində ərazidə görülən işlər barədə məlumat verərək səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin həllini tapdığını bildirmişdir. Böyük bir hissəsi nümayəndəliyin ərazisinə düşən Astara-Çayoba magistral avtomobil yolunun və kənddaxili iki məhəllə yolunun əsaslı təmir olunaraq asfaltlaşdırıldığını, elektrik xətt təsərrüfatında təmir işlərinin aparıldığını, suötürücü kanalların lildən təmizləndiyini, hazırda Təngərüd kənd uşaq baxçasının əsaslı təmir olunduğunu diqqətə çatdırmışdır.
İcra başçısı bildirmişdir ki, bütün görülən işlər yerlərdə ənənəvi olaraq keçirtdiyimiz səyyar qəbulların səmərəli nəticəsidir. Tərəfinizdən qaldırılan məsələlərin həlli istiqamətində birgə həyata keçirtdiyimiz tədbirlərlə kənddə böyük problemlər nəzərə çarpmır.
İcra başçısı ümumilikdə respublikada həyata keçirilən mühüm qlobal layihələr və rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən söz açmışdır. Qeyd etmişdir ki, son illər rayonumuzda bütün yaşayış məntəqələrinin yolları asfaltlaşdırılmış, ən əsası əlçatmaz hesab edilən, heç yolu olmayan bir neçə ucqar dağ kəndlərinə avtomobil yolları çəkilmiş, qazlaşdırma aparılmış, sosial obyektlər tikilmişdir. Yeni istirahət məkanlarının yaradılması istiqamətində mühüm işlər görülmüş, Astara şəhərində dəniz sahilində geniş bir ərazidə müasir dizaynda park-bulvar kompleksi yaradılmasıdır.
Bütün bu işlərin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, cənab Prezidentin Çayoba-Astara avtomobil yolunun əsaslı təmirinə vəsait ayırması barədə imzaladığı Sərəncam rayonumuzun yol infrastrukturunun yaxşılaşdırılmasına böyük töhfə oldu. Vətəndaşlarımızın demək olar ki, hamısının mütəmadi istifadə etdiyi bu yolun bərbad olması bizi çox narahat edirdi. Hazırda ən müasir tələblərə cavab verən bir yol istifadəyə verilibdir. Astara və astaralılara göstərdiyi yüksək diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildiririk.
İcra başçısı qeyd etmişdir ki, ən böyük uğurumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il düşmən tapdağında olan müqəddəs torpaqlarımızın qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində erməni terrorçularından azad edilməsidir. Rayonumuzun gəncləri də Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək Vətən müharibəsində və antiterror tədbirlərində xüsusi qəhrəmanlıq göstərdilər. Düşmən üzərindəki qələbə ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilməklə, zaman-zaman verdiyimiz şəhidlərimizin qisası alındı. İndi xalqımız sevincli, qürurlu və başıucadır. Azərbaycanın hərtərəfli inkişafı, günü-gündən artan gücü və nüfuzu bizi qürurlandırır. Əldə edilən nailiyyətləri qorumaq və inkişaf etdirməkdən ötrü möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi daha da sıx birləşməli və ən yüksək səviyyədə dəstəyimizi göstərməliyik.
Kənd sakinləri çıxışlarında əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərliyinə səmimi görüşə və qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər.
Sakinlər görülən işlərlə yanaşı Astara-Çayoba avtomobil yolunun Təngərüd kəndindən keçən hissəsində radarın qoyulmasına, məscid və məhəllə yolunun asfalt olunmasına, digər məhəllə yolunun çınqıl tökülərək təmirinə, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.