Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Təngərüd kəndində səyyar qəbul və görüş

15 may 2026 | 15:44

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Təngərüd kəndində keçirtdiyi səyyar qəbul və görüşdə rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Həsənov ötən müddət ərzində ərazidə görülən işlər barədə məlumat verərək səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin həllini tapdığını bildirmişdir. 7 kilometri nümayəndəliyin ərazisinə düşən Astara-Çayoba magistral avtomobil yolunun və 6 kilometr kənddaxili yolun əsaslı təmir olunaraq asfaltlaşdırıldığını, Təngərüd kənd körpələr evi-uşaq bağçasının əsaslı təmir olunduğunu, elektrik xətt təsərrüfatında təmir işlərinin aparıldığını, suötürücü kanalların lildən təmizləndiyini, hazırda Maşxan kənd tam orta məktəbinin və Maşxan kənd uşaq bağçasının əsaslı təmirinin davam etdirildiyini diqqətə çatdırmışdır.

İcra başçısı görülən abadlıq-quruculuq işləri sayəsində Təngərüd kəndində və ümumilikdə nümayəndəliyin ərazisində qlobal problemlərin qalmadığını qeyd etmişdir. Əhalinin son zamanlar daha çox torpağa bağlandığını, əkin sahələrinin artdığını müsbət hal kimi qiymətləndirmişdir. Təngərüd və Maşxan torpaqlarının münbit, məhsuldar olduğunu, əkinə yararlı istifadəsiz torpaqların da əkin dövriyyəsinə qaytarılması üçün sakinlərin çalışmalı olduğunu bildirərək, dövlət tərəfindən növündən asılı olaraq əkin üçün ayrılan subsidiyalara diqqət çəkmişdir.   

İcra başçısı ümumilikdə respublikada həyata keçirilən mühüm qlobal layihələr və rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən söz açmış, bu işlərin rayonumuzun bütün yaşayış məntəqələrini əhatə etdiyini bildirmişdir.      

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu tədbirlərin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, müstəqil, suveren Azərbaycanımız heç bir ölkədən, heç bir qurumdan maliyyə dəstəyi almadan yalnız öz gücü ilə işğaldan azad edilən əraziləri sürətlə bərpa edərək abadlaşdırır. Erməni vandalları işğal dövründə bütün infrastrukturu vəhşicəsinə dağıdaraq talan edib, əraziləri minalayıblar. Minatəmizləmə işləri ilə paralel şəhər və kəndlərin bərpa edilərək məskunlaşması da davam edir. Artıq minlərlə ailə Qarabağa və Şərqi Zəngəzura köçərək doğma yurdlarına qovuşublar.   

İcra başçısı qeyd etmişdir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa ediləndən sonra  xalqımız sevincli, qürurlu və başıucadır. Azərbaycanın hərtərəfli inkişafı, günü-gündən artan gücü və nüfuzu bizi qürurlandırır.  

Kənd sakinləri çıxışlarında əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərliyinə səmimi görüşə və qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər.

Sakinlər görülən işlərlə yanaşı fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə, suötürücü kanalların təmizlənməsinə, işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər