Toradi kəndində səyyar qəbul və görüş
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Toradi kəndində əhali ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İcra başçısı əhalini salamlayaraq bildirmişdir ki, rayon mərkəzindən 45 km aralıda yerləşən, rayonun ən ucqar kəndindəki görüş ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir. Məqsəd bilavasitə sakinlərlə ünsiyyət yaradıb onları narahat edən problemləri həll etməkdir.
Toradi kəndinin timsalında ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsi, müasir tipli məktəb binası, xəstəxananın inşa edilməsi, körpülərin salınması, elektrik xətt təsərrüfatının yenilənməsi ölkəmizin yüksək inkişafının, vətəndaşların sosial problemlərinin həllinə yönəldilən diqqət və qayğının bariz nümunəsidir.
Ölkəmiz sürətlə inkişaf edir, yeni hədəflərə çatır. Bu inkişafın nəticəsi idi ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman oğullarımız 44 günə düşməni darmadağın edərək uzun illər işğalda olan müqəddəs torpaqlarımızı işğaldan azad etdilər. Bununla xalqımızın 30 illik həsrətinə son qoyuldu. İndi o torpaqlarda Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Bu ağır məğlubiyyətdən dərs almayan mənfur düşmən sentyabrın 12-13-də dövlət sərhədimizdə yeni təxribatlar törədərkən bir daha dəmir yumruğun ağır zərbəsi ilə qarşılaşaraq geri çəkilməyə məcbur oldu. Biz fəxr edir, qürur duyuruq ki, belə bir güclü dövlətin, qalib Azərbaycanın övladlarıyıq.
Görüşdə sakinlər çıxış edərək rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşən, ən ucqar kəndlərə asfalt yolun çəkilməsi ilə ən mühüm problemlərinin həllini tapdığını söyləmişlər. Uzun illər yararsız vəziyyətdə olan və cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına asfaltlaşdırılan Taxtanakəran-Toradi avtomobil yolunun sakinlərə böyük töhfə olduğunu qeyd etmişlər. Bu yüksək diqqət və qayğıya, eyni zamanda Müzəffər Ali Baş Komandan kimi Rəşadətli Ordumuzla işğaldan azad edilən torpaqlarımızda Şanlı Bayrağımızı qaldıraraq ermənilərə layiqli dərs verdiyinə görə bütün ictimaiyyət adından ölkə Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirmişdir.
Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə İcra başçısına razılıqlarını bildirmişlər. Görülən işlərlə yanaşı Toradi kəndinin qurtaracağına qədər gedən yolun genişləndirilməsi, Hamoşamdan Toradiyə gedən elektrik xəttinin yerinin dəyişdirilməsi, köhnəlmiş elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi, kəndə təbii qaz xəttinin çəkilməsi barədə təkliflər vermişlər.
Səmimi və işgüzar görüşə görə sakinlərə təşəkkürünü bildirən icra başçısı, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsi məqsədilə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Bütün görülən işlərin cənab Prezidentin rəhbərliyi, sərəncamı və tapşırığı ilə həyata keçirildiyini bildirən icra başçısı rayonun digər yaşayış məntəqələrində də sosial layihələrin icrası ilə əlaqədar işlərin görüldüyünü vurğulamışdır. Bildirmişdir ki, təkcə Toradi kəndi deyil, digər yaşayış məntəqələrində də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər daim davam edir. İndiyə kimi Dolu, Şəvqo, Diqo kəndlərinin işığı, yolu, normal məktəbi yox idi. Cənab Prezidentin yüksək diqqət və qayğısı ilə bu kəndlərin problemləri tamamilə həllini tapmışdır. Hazırda rayonda işığı, yolu olmayan kənd yoxdur. İlin bütün fəsillərində rayonun bütün yaşayış məntəqələrini rahatlıqla gəzmək mümkündür. Əminliklə deyə bilərəm ki, ölkəmizin vətəndaşlarının rahat, firavan yaşaması üçün dövlətimiz tərəfindən hələ böyük işlər görüləcəkdir.
Sizi siyasi sabitliyi, iqtisadi gücü ilə öyündüyümüz müstəqil Azərbaycanımızın inkişafına hərtərəfli dəstək olmağa, həmişə olduğu kimi bundan sonra da birlik nümayiş etdirməyə çağırıram.
İcra başçısı kənddə yeni inşa edimiş Şəhidlər bulağına baxış keçirmişdir.