Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Toradi kəndində səyyar qəbul və görüş

14 mart 2025 | 17:56

Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Toradi kəndi rayonun ən ucqar yaşayış məntəqələrindən biridir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin bu kənddə əhali ilə keçirtdiyi növbəti görüşündə idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, nümayəndəliyin bütün kəndlərində dəfələrlə görüşlərimiz olub və bu görüşlər həmişə işgüzar şəraitdə keçib. Bizə bəlli olan və tərəfinizdən qaldırılan problemlərin həlli nəticəsində bu dağ kəndlərimizdə xeyli iş görülmüşdür. Bunlardan ən birincisi bərbad vəziyyətdə olan Taxtanakəran-Toradi avtomobil yolunun əsaslı təmir edilərək asfaltlaşdırılmasını xüsusi qeyd etmək istəyirəm. Bir vaxtlar kəndə yol olmadığından yalnız yay aylarında əhali ilə görüşə gəlməyə məcbur idik. İndi isə yay-qış, bütün fəsillərdə hər növ avtomobillə dağ kəndlərimizin hamısını gəzə bilirik. Son illər həmçinin, Toradi və Hamoşam kənd tam orta məktəbləri üçün müasir tipli binalar tikilmiş, yüksək gərginlikli elektrik xətləri tamamilə yenilənmiş, genişzolaqlı internet şəbəkəsi yaradılmış, kəndarası yollar təmir edilərək bir neçə körpü salınmış və digər abadlıq işləri görülmüşdür. Keçən il Hamoşam və Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərini birləşdirən, Pensər-Hamoşam yolunun alternativi sayıla biləcək Dolu-Reqluba kəndlərinə və Diqoli yaşayış massivinə gedən avtomobil yollarının çəkilməsinə nail olduq. Bu il kənddəki asfalt yolun qurtaracağından ziyarətgaha qədər olan təqribən 500 metrlik yolun asfaltlaşdırılmasını planlaşdırmışıq. Gələcəkdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən belə tədbirlərin sayı daha da artacaq. Biz İlham Əliyev kimi Prezidentimizin gücünə və suveren Azərbaycanımızın iqtisadi potensialına arxalanaraq bunları əminliklə söyləyə bilirik. İstər iqtisadi, istər hərbi və digər sahələrdə qazanılan bütün nailiyyətlər Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentin yorulmaz fəaliyyətinin nəticəsidir. Bugünkü sakit və firavan həyatımız üçün həm də qəhrəman şəhidlərimizə və qazilərimizə, bütövlükdə rəşadətli ordumuza borcluyuq. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə, bütün hərbçilərimizə can sağlığı arzulayıram.

İşğal dövründə vəhşi düşmən Qarabağda və Şərqi Zəngəzurda  şəhər və kəndlərimizi dağıtmış, vətəndaşlarımızın min əziyyətlə qurduğu mülklərini, sərvətlərini talayıb aparmışlar. İndi dövlətimiz o torpaqlarda sürətli tikinti quruculuq işləri aparır. Soydaşlarımız mərhələ-mərhələ doğma yurdlarına qayıdırlar. Bu iş gündən-günə geniş vüsət alır. Bu bizi hədsiz sevindirir və qürurlandırır.

Görüş iştirakçıları cənab Prezidentin vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi məqsədyönlü tədbirləri ürəkdən bəyəndiklərini və hər zaman olduğu kimi bundan sonra da  dəstəkləyəcəyini birmənalı şəkildə bildirmişlər.

Sakinlər ziyarətgaha gedən yolun asfaltlaşdırılmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, məhəllə yolunun təmir edilməsinə, özünüməşğulluq layihəsi çərçivəsində xırda buynuzlu mal-qaranın verilməsinə, Toradi kənd tam orta məktəbinə gedən yolun asfaltlaşdırılmasına və internet xəttinin çəkilməsinə, Taxtanəkəran-Toradi avtomobil yoluna zolaqayırıcı xətlərin çəkilməsinə  köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirilmişdir.

Qəbuldan sonra icra başçısı məktəbdə tədrisin vəziyyəti ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər