Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Toradi kəndində səyyar qəbul

14 dekabr 2023 | 15:25

Rayonun ən ucqar dağ kəndlərindən biri olan Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Toradi kəndində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirtdiyi növbəti görüşündə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, bir vaxtlar hətta yay aylarında dağ kəndlərinə gəlmək hər birimiz üçün böyük problem idi. İndi isə ilin bütün fəsillərində, istənilən hava şəraitində təkcə Toradi kəndinə deyil, digər dağ kəndlərimizə də rahatlıqla gələ bilirik. Bütün bunların bu il xalqımızın sevə-sevə 100 illik yubileyini qeyd etdiyi Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu xatırlatmaq istəyirəm. Heydər Əliyev elə bir inkişaf strategiyası hazırlamışdır ki, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu strategiya ilə böyük hədəflərə çatmış və daha uğurlu gələcək üçün müvəffəqiyyətli fəaliyyətini davam etdirməkdədir. İstər iqtisadi, istər hərbi və digər sahələrdə qazanılan bütün nailiyyətlər Ulu Öndər siyasətinin uğurlu nəticəsidir. Cənab Prezident fəaliyyətinin ilk illərində deyirdi ki, elə güclü iqtisadiyyata nail olmalıyıq ki, ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmamalıdır. Belə də oldu. Erməni terrorçuları tərəfindən zülmlə yurdlarından didərgin salınmış yüz minlərlə vətəndaşlarımız üçün ötən illər ərzində yeni qəsəbələr, şəhərciklər salındı, normal yaşayış şəraiti yaradıldı. Ölkənin iqtisadiyyatı inkişaf etdikcə digər sahələrdə olduğu kimi ordu quruculuğunda da inqilabi dəyişikliklər edildi. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü nizami ordularından biridir. Bunun nəticəsi idi ki, rəşadətli ordumuz 2020-ci ildə düşməni cəmi 44 günə darmadağın edərək 30 il düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə peşəkarcasına aparılan bu hərbi əməliyyatlarda bir mülki obyektə  belə zərrə qədər ziyan dəymədi. Bundan fərqli olaraq quduz ermənilərin cəbhə bölgəsindən uzaq şəhər və kəndlərimizə endirdiyi zərbələr nəticəsində neçə-neçə yaşayış məntəqələrimiz dağıdıldı, mülki vətəndaşlarımız şəhid oldular.

Vətən müharibəsindən üç il keçməsinə baxmayaraq ağır məğlubiyyətdən ibrət götürməyən erməni revanşist qüvvələri terror əməllərini davam etdirdilər. Bu ilin sentyabrın 19-da keçirilən antiterror tədbirləri isə cəmi bir sutka çəkdi. Erməni terror birləşmələri növbəti dəfə dəmir yumruqla başları əziləndən sonra ağ bayraq qaldıraraq təslim oldular. Bütün dünya ordumuzun yenilməz gücünün, xalqımızın sonsuz Vətən sevgisinin şahidi oldu. Qəhrəman oğullarımız qanları və canları bahasına bütün torpaqlarımızı azad etdilər.

15 oktyabrda qalib Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalıda, Xocavənddə, Əsgəranda, Sərsəng su anbarı ərazisində və Xankəndidə şanlı bayrağımızı qaldırması xalqımızın uzun illərinin gözləntisi idi. İndi hər birimiz bundan sonsuz qürur duyaraq, qalib dövlətimizlə fəxr edirik. Bu bizim haqqımızdır. Bütün dünya da şahid oldu ki, Qarabağ torpağının əsl sahibi Azərbaycan dövləti və Azərbaycan xalqıdır. Bu qələbənin qazanılmasında sizin də hər birinizin payı vardır. İstər birinci, istərsə də, Vətən müharibəsində bu kəndin də qəhrəman oğulları könüllü olaraq Vətənin müdafiəsinə getmiş, döyüşlərdə şücaət göstərmişlər. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə, bütün hərbçilərimizə can sağlığı arzulayıram.

30 il ərzində yalnız talançılıqla məşğul olan ermənilər Qarabağda daşı daş üstünə qoymayıblar. Vətəndaşlarımızın min əziyyətlə qurduğu mülklərini, sərvətlərini talayıb aparmışlar. İndi dövlətimiz o torpaqlarda sürətli tikinti quruculuq işləri aparır. Soydaşlarımız mərhələ-mərhələ doğma yurdlarına qayıdırlar. Bu iş gündən-günə geniş vüsət alır. Bu bizi hədsiz sevindirir. Tədricən bütün soydaşlarımız doğma yurdlarına qayıdacaqlar.

Bununla yanaşı ardıcıl olaraq qəbul edilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində işlər müvəffəqiyyətlə aparılır. Bununla əlaqədar rayonumuzda da mühüm işlər görülmüş, quruculuq işləri davam edir. Elə ən ucqar kəndlərimizdə həyata keçirilən sosial layihələr dediklərimizə sübutdur. Yollar asfaltlaşdırılmış, müasir tipli məktəb binaları tikilmiş, qonşu Lerik rayonu ərazisindən çəkilən elektrik xətləri ləğv edilərək, rayonun Siyaku kəndindən yüksək gərginlikli yeni elektrik xətləri çəkilmişdir. Bu tədbirlər bundan sonra da davam edəcəkdir.   

Görüş iştirakçıları cənab Prezidentin ölkəmizin suverenliyinin bərpa edilməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi məqsədyönlü tədbirləri ürəkdən bəyəndiklərini və hər zaman olduğu kimi bundan sonra da  dəstəkləyəcəyini birmənalı şəkildə bildirmişlər.

Sakinlər kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, yeni qoyulmuş körpüdə işlərin yekunlaşdırılmasına, ünvanlı sosial yardımın verilməsinə, kəndə əlavə elektrik montyorunun verilməsinə, nümayəndəlik ərazisində poçt şöbəsinin bərpa edilməsinə  köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

Keçidlər