Tüləküvan kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulu Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Tüləküvan kəndində keçirtmişdir. Rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən görüş sakinlər tərəfindən razılıqla qarşılanmışdır.
İcra başçısı qeyd etmişdir ki, Tüləküvan kəndində dəfələrlə görüşlərimiz olmuşdur. Mütəmadi olaraq keçirdiyimiz görüşlərin əhəmiyyəti böyükdür. Bu görüşlərdə tərəfinizdən qaldırılan məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür. Kənddə qazlaşma aparılmış, Ojakəran-Tüləküvan-Təngərüd dairəvi avtomobil yolu yenidən qurularaq asfaltlaşdırılmış, elektrik xətlərinin xeyli hissəsində kabelləşmə aparılmış, sürətli internet şəbəkəsinin yaradılması təmin edilmişdir.
Kənd əhalisinin əsas məşğuliyyəti sitrusçuluqdur. Gözəl sitrus bağları salınıb. Bu il bol məhsul vardır. Bu məhsulların satışından rayona təqribən 60-70 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır. İldən-ilə artan sitrus bağları alternativ su mənbələri ilə suvarılsa da əhalinin bu işdə müəyyən çətinlikləri olduğunu bilirik. Lovayın su anbarından yeni suvarma xətti çəkilərək Ojakəran kəndinin yuxarı tərəfində su anbarı tikilmişdir ki, bu da ətraf bütün kəndləri suvarma suyu ilə təmin etmək gücündədir.
Görülən işlərlə yanaşı həllini gözləyən məsələlər də vardır. Bunlardan ən vacibi Tüləküvan kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi və elektrik xətt təsərrüfatında kabelləşmənin başa çatdırılmasıdır. Məktəb tikintisi barədə aidiyyəti üzrə müraciət etmişik, yaxın gələcəkdə bu məsələ həllini tapacaqdır. Kabelləşmənin də başa çatdırılması üçün tədbirlər görülməkdədir.
Bütün görülən işlərin ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirildiyini vurğulayan icra başçısı bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin inkişafı, vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün əlindən gələni edir. Aparılan düzgün siyasətin nəticəsi idi ki, cəsur gənclərimiz Müzəffər Ali Baş Komandanın çağırışına səfərbər olaraq uzun illər işğalda olan torpaqlarımızı erməni quldurlarından azad etdilər. Bununla da Azərbaycanın suverenliyi tam bərpa edilmişdir.
Azğın düşmən işğal dövründə şəhər və kəndlərimizi xarabalığa çevirmiş, tamamilə talayaraq bütün infrastrukturu vəhşicəsinə dağıtmışdır.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətli tikinti-bərpa işləri aparılır. Gündən-günə abadlaşan şəhər və kəndlərimizə soydaşlarımızın qayıdışı davam edir. Hər gün yeni köç karvanlarının şahidi oluruq. Bu bizi hədsiz sevindirir və qürurlandırır. Çox keçməz ki, biz yenidən yurdumuzun bu cənnət guşəsini tamamilə abad bir məkan kimi görəcəyik. Çünki biz qalib Prezidentimizin iradəsinə və xalqımızın gücünə hədsiz inanırıq. Paytaxt Bakı şəhəri ilə yanaşı, Xankəndi, Şuşa və digər şəhərlərimizdə ən yüksək səviyyədə təşkil edilərək keçirilən beynəlxalq tədbirlər, həmçinin bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bunun bariz nümunəsidir.
Rayonda həyata keçirilən sosial layihələrin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Səmimi görüşə görə icra başçısına minnətdarlıq edən iştirakçılar kəndə yeni tikilmiş su anbarından suvarma suyunun çəkilməsinə, elektrik xətt təsərrüfatının qalan hissəsinin SİP kabelləşdirilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, Tüləküvan kənd tam orta məktəbi üçün əlavə korpusun və idman zalının tikilməsinə, Tüləküvan-Təngərüd avtomobil yolunun cari təmir edilməsinə və yol nişanlarının quraşdırılmasına, Ojakəran kəndinə qədər olan 3 km yolun asfaltlaşdırılmasına, Şəmətük kəndində olan körpünün təmir edilməsinə, Şəmətük kəndindən şagirdlərin Tüləküvan kənd tam orta məktəbinə daşınması üçün nəqliyyat vasitəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı sakinləri dinləyərək qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.







