Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Astarada olmuşdur.
Türkiyənin ölkəmizdəki sabiq səfiri, Azərbaycan Respublikasının "Dostluq Ordeni" ilə təltif edilmiş Hulusi Kılıç Astara rayonuna səfər etmişdir.
Azərbaycanın dostu, tanınmış diplomat Hulusi Kılıç Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşmüşdür. Görüşdə Milli Məclisin deputatları Rəşad Mahmudov və Etibar Əliyev iştirak etmişlər.
Tədbirdə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında mövcud olan tarixi dostluq əlaqələrindən, bu qardaşlığın ölkə başçıları səviyyəsində uğurla davam etdirildiyindən bəhs edilmişdir. Qeyd edilmişdir ki, tarixi köklərlə bir-birinə bağlı olan qardaş xalqlar ən çətin məqamlarda düşmənə qarşı birləşməyi bacarmış, əl-ələ verərək ağır sınaqlardan üzüağ çıxmışlar. Bariz nümunə kimi ən qanlı savaşlardan olan Çanaqqala döyüşündə, həmçinin daşnakların xalqımıza qarşı törətdikləri vəhşiliklərin qarşısının alınmasında xalqlarımızın qarşılıqlı dəstəyini göstərmək olar. Bu ənənə 44 günlük Vətən müharibəsində də davam etmiş, qardaş Türkiyə dövləti ədalətli mövqeyini beynəlxalq səviyyədə açıq şəkildə bəyan etmişdir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun mənfur düşmənə qarşı şanlı Zəfəri ilə tarixi ədalət bərpa ediləndən sonra cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa bəyannaməsi bu qardaşlığın əbədi olduğunu bir daha nümayiş etdirmişdir.
Ölkələrimizin hərtərəfli inkişafından ötrü mövcud dostluq əlaqələrinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf etdirilməsinin vacibliyi qeyd edilmiş, bunun üçün mümkün olan bütün təbdirlərin qarşılıqlı şəkildə həyata keçiriləcəyi vurğulanmışdır.
İcra başçısı ölkəmizdə səfir olduğu dövrdə və sonrakı fəaliyyətində qardaş xalqlar arasındakı dostluq əlaqələrinə verdiyi tövhələrə görə cənab Hulusi Kılıça minnətdarlığını bildirmiş, fəaliyyətində uğurlar arzulamışdır.
Hulusi Kılıç səmimi qəbula görə icra başçısına təşəkkür etmiş, Can Azərbaycanı həmişə olduğu kimi bundan sonra da doğma Vətəni olaraq sevəcəyini bir daha vurğulamışdır.
Möhtərəm qonaq Hulusi Kılıç qələmə aldığı, şanlı qələbəmizdən bəhs edən “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabını rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə təqdim etmişdir.
Sonra Azərbaycanın dostu, tanınmış ictimai-siyasi xadim Hulusi Kılıç tərəfindən kitabın Astara ictimaiyyətinin nümayəndələrinə təqdimatı keçirilmişdir.