Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar konfrans

19 aprel 2023 | 17:07

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Astarada keçirilən silsilə tədbirlər davam edir. Aprelin 19-da rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Nə qədər ki Azərbaycan var, mən də varam” mövzusunda konfrans keçirilmişdir.  

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı YAP idarə Heyətinin üzvü Rəşad Mahmudov, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, YAP rayon təşkilatının sədri Həbib Cəfərov Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. 

Rayon icra hakimiyyətində keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Heydər Əliyevin misilsiz fəaliyyətindən bəhs edən videofilm izlənmişdir.

Konfransda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd etmişdir ki, bu gün burada Azərbaycan dövlətinin sarsılmaz müstəqilliyinin, qüdrətinin və xalqımızın firavanlığının yeganə təminatçısı olan Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar toplaşmışıq. Burada iştirak edən hər bir şəxsin siyasi həmfikir olmasında tək səbəbkar məhz Partiyamızın banisi, Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası onun siyasi mirası kimi cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən aparıcı təşkilatdır.

1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalq yeganə xilaskar kimi dünyanın siyasi sferasında silinməz iz qoymuş, görkəmli ictimai-siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevi öz lideri seçmişdir. O öz zəkası, uzaqgörənliyi və qətiyyəti ilə ölkəni məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Onun rəhbərliyi altında bütün sahələrdə dinamik inkişafa nail olundu.

Hakimiyyətə gəldiyi ilk andan qardaş qırğınının qarşısını aldı, mənfur düşmənimizlə atəşkəs əldə olundu, ordu quruculuğuna başlanıldı və düşmən üzərindəki bugünkü tarixi qələbəmizin əsası qoyuldu. “Əsrin müqaviləsi”nin bağlanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası və sairə bu kimi mühüm strateji layihələrin həyata keçirilməsi Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında misilsiz rol oynadı.

Hazırda dosta güvən verən, düşməni qorxuya salan qüdrətimiz onun dahi siyasi xadim və müdrik rəhbər olmasından qaynaqlanır. Ömrünü ölkənin çiçəklənməsinə, xalqına həsr edən Ulu Öndərin bu amalla cızdığı siyasi yol respublikamızı bugünkü anadək işıqlı gələcəyə aparmaqdadır.

Azərbaycanın hər qarış torpağını dərindən sevən Heydər Əliyev rayonumuzu da hər zaman xüsusi diqqətdə saxlamış, Astaranı “Cənub mirvarisi” adlandırmaqla rayonumuza olan sevgisini həmişə qeyd etmişdir.

Astara rayonunun inkişafının böyük bir mərhələsi məhz onun adı ilə bağlıdır. Rayonumuza bir çox səfərlər edən Ulu Öndər dövlətimizin həyatında Astara əhalisinin çox əhəmiyyətli rol oynadığını, öz tarixi vəzifələrini yerinə yetirdiyini və Azərbaycan dövlətçiliyinin inkişafı yolunda böyük xidmətlər göstərdiyini Astara haqqında qiymətli fikirlərini bildirərkən ifadə etmişdir. Rayon əhalisi də daim öz liderinə sadiq qalmış və onun yolunu uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevin hər zaman dəstəkçisi, “dəmir yumruğ”un bir parçası olmuşlar.

Ölkə əhalisi Heydər Əliyev siyasi kursunun etibarlı davamçısı cənab İlham Əliyevi Azərbaycanın firavan gələcəyinin təminatçısı kimi gördü və ona inandı.

Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik olan nailiyyətlər qazanıb.

Dövlətimizin bügünkü yüksək qüdrətinin və tarixi qələbəmizin təminatçısı olan möhtərəm Prezidentimizin adı ümumilikdə Azərbaycanın tarixində qızıl hərflərlə yazılmışdır. 44 günlük Vətən savaşında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu erməni işğalçıları qarşısında tarixi qələbə qazanmış və düşmən tapdağı altında olan torpaqlarımız azad olunmuşdur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu böyük Zəfər onun Vətən torpaqlarının azad olunması arzusunu gerçəkləşdirmişdir.

Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəlmişdir. Cənab Prezidentin rəhbərliyi dövrü ölkənin bütün rayonları ilə yanaşı, Astaranın inkişafı üçün də əvəzsiz oldu. Yollar, elektrik və qaz xətləri yenidən quruldu, Astara şəhərində və rayonun əksər kəndlərində bir sıra məktəb, müəssisə və digər mühüm obyektlər tikildi, əhalinin sosial təminatının yaxşılaşdırılmasından ötrü əhəmiyyətli layihələr həyata keçirildi. Rayonumuzda ucqar kəndlərə, dağlıq ərazilərə yeni yolların salınması, müasir standartlara cavab verən otellərin tikilməsi, şəhər ərazisində dənizkənarı Park-Bulvar Kompleksinin yaradılması mövcud turizm potensialının daha da yüksəlməsinə, yerli və xarici turistlərin rayonumuza böyük marağına səbəb oldu. 

Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti cənab İlham Əliyev tərəfindən peşəkarcasına davam etdirilir və bundan sonra da qarşıda duran strateji əhəmiyyətli layihələr icra olunmaqla ölkəmizin dayanıqlı və dinamik inkişafı təmin olunacaqdır.

Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində var olacaq, daim hörmətlə anılacaqdır.

Konfransda YAP rayon təşkilatının sədri Həbib Cəfərovun, Milli Məclisin deputatı YAP idarə Heyətinin üzvü Rəşad Mahmudovun və YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılovun Ulu Öndərin mənalı həyat yolu və zəngin fəaliyyətindən bəhs edən məruzə və çıxışları da maraqla dinlənilmişdir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına YAP rayon təşkilatının Fəxri Fərmanı və partiya sıralarına yeni qatılanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər