Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilmişdir.
Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev məruzəsində qeyd etmişdir ki, müasir, müstəqil, suveren Azərbaycanın memarı və qurucusu Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ölkəmizdə və eləcə də rayonumuzda silsilə tədbirlər keçirilir.
Dünyanın siyasi tarixində böyük iz qoymuş, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin mənalı ömür yolu o qədər zəngindir ki, onu illərlə öyrənməyə çalışsaq da, öyrənilməmiş səhifələri yenə də qalacaqdır.
Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ümummilli Liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyətdir. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyini və bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərimizin qətiyyətli fəaliyyəti, müdrik siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində siyasi sabitlik təmin edildi, iqtisadiyyatda və digər sahələrdə böhran aradan qaldırıldı, inkişaf mərhələsi başlandı.
Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıbdır.
Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü müasir, müstəqil, suveren Azərbaycanımızı yaratmışdır.
Xalqımızın taleyinə, Azərbaycan dövlətçiliyinin tarixinə təkrarolunmaz bir sima kimi daxil olan Heydər Əliyev Vətənin hər guşəsini əziz tutmuş və inkişafından ötrü var qüvvəsi ilə çalışmışdır.
Ulu Öndər Heydər Əliyev Astara və astaralılarla daha çox bağlı olmuş, hər zaman görüşlərində onların əməyinə və dövlətçiliyə sədaqətinə yüksək qiymət vermişdir. Heydər Əliyevin 80 illik ömrünün 40 ildən çoxu Astara ilə bağlı olmuşdur. O, astaralılarla görüşündə qeyd etmişdir ki, “Mənim gəncliyimin və həyatımın ən məsuliyyətli dövrü Astarada keçmişdir. Astaranın gözəl təbiəti, meşələri, dağ çayları, saf bulaqları və ən əsası sədaqətli insanları mənim üçün çox doğma, əzizdir”.
Respublika Dövlət Təhlükəsizliyi Orqanında çalışdığı ilk illərdən başlayaraq dəfələrlə Astarada olan Heydər Əliyev sərhədboyu ərazini qarış-qarış gəzmişdir.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi vaxtlarda Astaraya beş dəfə səfər etmiş, rayonun ayrı-ayrı təsərrüfatlarında əmək adamları, ziyalılar, gənclərlə görüşmüş, məsləhətlərini vermiş, geniş məzmunlu nitq söyləmişdir. Heydər Əliyevin böyüklüyü onda idi ki, insanlarla səmimi ünsiyyət qurur, bölgələrə səfəri zamanı əhali ilə birbaşa təsərrüfatlarda görüşürdü.
Ulu Öndər müstəqil Azərbaycan Respublikasının Prezidentliyi dövründə 1998-ci ilin oktyabrında, Prezident seçkiləri ərəfəsində Astaraya növbəti dəfə səfər etmiş, astaralılarla görüşündə tarixi nitq söyləmişdir.
Səmimiyyətinə, sadəliyinə, insanlara olan yüksək diqqət və qayğıya görə astaralılar sevimli Rəhbərini həmişə böyük coşqu ilə qarşılamış, ehtiram göstərmiş, bu görüşləri yaddaşlarına ən unudulmaz xatirə kimi həkk etmişlər.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini müəyyənləşdirməsi idi. Böyük Dahi xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti İlham Əliyev əməli fəaliyyəti ilə təsdiqləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirməklə xalqımıza Qələbə sevincini yaşatdı. İkinci Qarabağ savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun fədakarlığı ilə uzun illər işğal altında olan müqəddəs torpaqlarımız azad edilməklə, xalqımızın 30 illik həsrətinə son qoyuldu. 2023-cü ilin 19 sentyabr tarixində keçirilən antiterror əməliyyatında isə igid oğullarımız cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejimi məhv edilərək, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Qələbələrimizin memarı olan cənab Prezidentin Xankəndidə Şanlı Bayrağımızı qaldırması xalqımızın 200 illik gözləntisini reallaşdırmaqla tam suveren Azərbaycan dövlətinin Prezidenti kimi xalqına ən böyük hesabatı idi.
İndi xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşayır. Bu gün ən böyük arzusu vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları şaddır.
Vətən müharibəsindəki böyük Qələbə, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində böyük rol oynadı.
Azərbaycan xalqı və dövləti, cənab Prezidentin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur deyimini əsas tutan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Prezident İlham Əliyev mükəmməl diplomatik gedişləri ilə Azərbaycanımızı həqiqətən iqtisadiyyatı güclü olan dövlətə çevirməyi bacarmışdır. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir.
Biz fəxr edirik ki, dünya siyasətçilərinin, aparıcı dövlət rəhbərlərinin şəxsiyyətinə və siyasi iradəsinə böyük ehtiram göstərdiyi İlham Əliyev kimi yenilməz Sərkərdəmiz, Qalib Prezidentimiz var.
Xalqımız inanır ki, müdrik Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Ulu Öndər Heydər Əliyev ideyalarının işığında daha böyük zirvələr fəth edəcək və ən ali hədəflərinə çatacaqdır.
Konfransda Astara Rayon Prokuroru Əli Əliyev, Məhkəmənin sədri Bəxtiyar Məmmədov, YAP rayon təşkilatının sədri Həbib Cəfərov, Gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Təhsil sektorunun müdiri Xədicə Əliyeva çıxış etmişlər.
Konfrans Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə sona catmışdır.