Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Astarada qeyd edildi

10 may 2026 | 15:36

Astara rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev: Azərbaycanı inkişafa və zəfərə aparan yolun təməli” mövzusunda konfrans keçirilmişdir.   

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları Rəşad Mahmudov və Vasif Qafarov, YAP rayon təşkilatının sədri Həbib Cəfərov, hüquq-mühafizə orqanların, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara baxmışlar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi yad edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev məruzəsində qeyd etmişdir ki, müasir Azərbaycan dövlətçiliyinin banisi, müstəqil, suveren Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar ölkəmizdə və eləcə də rayonumuzda müxtəlif məzmunlu tədbirlər keçirilir. Bu tədbirlərdə bir millətin taleyini dəyişmiş, onun parlaq gələcəyini müəyyən etmiş böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolu və zəngin fəaliyyətindən bəhs edilməklə xatirəsi ehtiramla anılır. Heydər Əliyevin adı Azərbaycan tarixində təkcə siyasi lider kimi deyil, bir məktəb, bir ideologiya, bir dövlətçilik fəlsəfəsi kimi yaşayır.

Dünyanın siyasi tarixində böyük iz qoymuş, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyev təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi xalqımızın qəlbində əbədiləşmişdir. Ulu Öndərimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyətdir. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyini və bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Həmin dövrdə Azərbaycan dərin siyasi böhran, iqtisadi tənəzzül və hərbi qarşıdurmalarla üz-üzə qalmışdı. Dövlət idarəetməsində yaranmış hərcmərclik və xaos ölkəni parçalanma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə mürəkkəb şəraitdə Ulu öndərimizin qətiyyətli fəaliyyəti, müdrik siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyi bərpa olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı və müharibədə atəşkəsə nail olundu. İqtisadiyyatda və digər sahələrdə inkişaf mərhələsi başlandı.

Bütün ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıbdır.

Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək böyük xilaskar rolunu oynamış, bizim üçün bugünkü müasir, müstəqil, suveren Azərbaycanımızı yaratmışdır. Heydər Əliyev Vətənin hər bir guşəsini əziz tutmuş və inkişafından ötrü var qüvvəsi ilə çalışmışdır. O, hər rayonun özünəməxsus xüsusiyyətlərini, potensialını və problemlərini dərindən öyrənir, həllindən ötrü qərarlar qəbul edirdi. Astara rayonu isə bu baxımdan xüsusi yer tuturdu.  

Strateji əhəmiyyətli bu sərhəd bölgəsinin təhlükəsizliyi və sabitliyi dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışdığı illərdə Astara rayonuna dəfələrlə səfər etmiş, sərhədboyu ərazini qarış-qarış gəzmişdir.

1969-cu ildən başlayaraq respublika rəhbəri kimi fəaliyyəti dövründə Astara rayonunun iqtisadi və mədəni inkişafından ötrü kompleks tədbirlər həyata keçirmişdir. Xüsusilə çayçılıq və sitrusçuluğun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, infrastrukturun yenilənməsi, sosial obyektlərin tikintisi Ümummilli liderin bu bölgəyə olan sistemli yanaşmasının göstəricisi idi. Rayonumuzda subtropik və sitrus bitkilərinin bugünkü səviyyədə geniş inkişafının təməli də məhz həmin illərdə Ulu Öndər tərəfindən qoyulmuşdur.  

O, Astaranın zəhmətkeş insanlarına böyük hörmətlə yanaşırdı. Səfərləri zamanı təsərrüfatlarda sakinlərlə apardığı səmimi söhbətlər, onların problemlərini dinləməsi və həlli üçün konkret addımlar atması bu qayğının real təzahürü idi. Ulu Öndər astaralılarla görüşündə qeyd etmişdir ki, “Mənim gəncliyimin və həyatımın ən məsuliyyətli dövrü Astarada keçmişdir. Astaranın gözəl təbiəti, meşələri, dağ çayları, saf bulaqları və ən əsası sədaqətli insanları mənim üçün çox doğma, əzizdir. Astara rayonu Azərbaycanın mühüm sərhəd bölgələrindən biridir. Bu bölgənin əməksevər insanları dövlətə sədaqəti, zəhmətkeşliyi və quruculuq əzmi ilə seçilirlər. Bu rayonun inkişafı ölkəmizin ümumi inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.”

1998-ci ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Astaraya növbəti dəfə səfər etmiş Heydər Əliyevi astaralılar böyük coşqu ilə qarşılamış, bu səmimi görüşləri yaddaşlarına ən unudulmaz xatirə kimi həkk etmişlər.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də, dövlətçilik kursunun gələcək üçün davamlılığını təmin edəcək lideri müəyyənləşdirməsi idi. Dahi şəxsiyyətin uzaqgörənliyini möhtərəm Prezident əməli fəaliyyəti ilə təsdiqləyir.

Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət həmin strateji xəttin davamıdır.   

Onun qətiyyəti, sarsılmaz iradəsi və xalq-rəhbər birliyi nəticəsində Azərbaycan regionda güc və nüfuz mərkəzinə çevrilmişdir. Beynəlxalq miqyasda söz sahibi olan ölkəmiz qlobal layihələrdə fəal iştirak edir, sabitliyin və inkişafın təminatçısı kimi çıxış edir.

Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, çoxtərəfli əməkdaşlıq platformalarında aktiv iştirak, enerji layihələrindən tutmuş nəqliyyat dəhlizlərinə qədər həyata keçirilən irimiqyaslı təşəbbüslər ölkəmizin geosiyasi əhəmiyyətini gündən-günə artırır və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.  

Müzəffər Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" -deyən Ulu Öndərin vəsiyyətini həyata keçirməklə xalqımıza qələbə sevinci yaşatdı. Vətən müharibəsində qazanılan tarixi zəfər milli qürurumuzun zirvəsinə çevrilib. Bu qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın birliyinin, dövlətimizin gücünün və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik məharətinin sübutudur.

İndi xalqımız bu böyük tarixi zəfərin qürurunu yaşayır. Ən böyük arzusu Vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları şaddır. 

 Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlər cənab Prezidentin rəhbərliyi ilə sürətlə bərpa edilir. Bütün infrastruktur yalnız dövlətimizin öz gücü ilə yenidən qurulur. Böyük qayıdış proqramı çərçivəsində soydaşlarımız doğma yurdlarına qovuşur, yeni bir inkişaf mərhələsinin əsasını qoyurlar. Qarabağda məskunlaşma prosesi yalnız fiziki qayıdış yox, həm də mənəvi dirçəlişdir. Öz doğma yurdlarına dönən insanlar orada yeni həyat qurur, xoş gələcəklərinə inamla baxırlar. Bu, tarixə yazılan yeni bir qəhrəmanlıq dastanıdır.

Əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müasir, müstəqil, suveren Azərbaycanımız zəfərdən-zəfərə addımlayan, gələcəyi parlaq, bu günü dünənindən daha qüdrətli bir dövlətdir! Xalqımız Müzəffər Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələr fəth edəcək və ən ali hədəflərinə çatacaqdır.

Biz fəxr edirik ki, Azərbaycan kimi Vətənimiz, Heydər Əliyev kimi Ulu Öndərimiz, İlham Əliyev kimi yenilməz Liderimiz var.

Konfransda Milli Məclisin deputatları Rəşad Mahmudov, Vasif Qafarov, rayon Mərkəzi xəstəxananın direktoru Bahadır Əhmədov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi Anar Kəkəyev, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülayə Babazadə çıxış etmişlər.

Sonda Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir axşam saatlarında Astara park-bulvar kompleksində keçiriləcək konsertlə davam etdiriləcəkdir.

Keçidlər