Ulu Öndər Heydər Əliyevin xatirəsi Astarada böyük ehtiramla yad edildi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar ölkənin bütün bölgələrində olduğu kimi Astarada da silsilə tədbirlər keçirilmişdir. Rayonun ümumtəhsil məktəbləri, idarə və müəssisələrində keçirilən yığıncaqlar, elmi-praktiki konfranslar, intellektual oyunlar, müsabiqələr, idman yarışlarında məktəblilər, tələbələr və ictimaiyyətin fəal nümayəndələri iştirak etmişlər.
Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində dünya şöhrətli Azərbaycanlı Dahinin ömrünün müxtəlif anlarını əks etdirən, o cümlədən, Astara rayonuna səfərlərinə aid tarixi fotolarla tanış olmuş, film izləmişlər.
Dahi şəxsiyyət Heydər Əliyev müxtəlif illərdə Astaraya dəfələrlə səfər etmiş, Astara və astaralılar haqqında xoş və səmimi fikirlər söyləmişdir. Ulu Öndərimizin bu müdrik fikirləri sakinlər tərəfindən həmişə sonsuz iftixar və minnətdarlıq hissi ilə xatırlanır.
Astaralılar ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur, qəlblərində əbədi yaşadırlar.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbirlərin davamı olaraq axşam saatlarında Astara şəhərinin Park-bulvar ərazisində ümumrayon bayram konserti keçiriləcəkdir.