Vaqadi kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqadi kəndində əhali ilə növbəti görüşünü keçirmişdir. Görüşdə rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.
İcra başçısı qeyd etmişdir ki, son illər Vaqadi kəndində və ümumiyyətlə nümayəndəliyin digər yaşayış məntəqələrində əhəmiyyətli işlər görülmüşdür. Birgə səylərimiz nəticəsində qaldırılan problemlərin bir qisminin həllinə nail olmuşuq. Kəndin əsas yolu və körpü təmir olunmuş, sürətli internet şəbəkəsi çəkilmiş, qəzalı elektrik dirəkləri yenisi ilə əvəz olunmuşdur. Nümayəndəliyin ərazisində elektrik xətt təsərrüfatının yenilənməsi istiqamətində işlər davam edir. İlin sonuna qədər Vaqadi də daxil olmaqla bütün kəndlərdə işlərin tamamlanması nəzərdə tutulmuşdur. Kənd yolunun asfaltlaşdırılması, qaz xəttinin çəkilməsi və Miki kəndində yeni məktəb binasının tikintisi də diqqətdədir.
Hazırda təsərrüfat işlərinin qızğın çağıdır. Sakinlərin zəhmətkeşliyi hər addımda hiss olunur. Siyaku ərazi nümayəndəliyi ən çox yaşayış məntəqələri olan nümayəndəlikdir. Torpaqlar sitrusçuluğun inkişafı üçün çox əlverişlidir. Dövlətimiz də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən, sitrusçuluğun inkişafına böyük dəstək verir. Subsidiyalar və digər güzəştlər əhalinin torpağa marağını artırmışdır. Bu fürsətdən istifadə edərək sakinlər çoxlu yeni sitrus bağları salmışlar. Buna görədir ki, son illər rayonumuzda sitrusçuluq iki dəfə artmışdır. Eyni zamanda bu ərazilər üçün xarakterik olan arıçılığa da maraq böyükdür. Hər iki təsərrüfat sahəsi gəlirli sahələrdir. Bu dağ kəndlərində həyata keçirilən sosial layihələr, xüsusən yol infrastrukturunun yaxşılaşdırılması turizmin inkişafına da təsirini göstərmiş, rayona gələn qonaq və turistlərin sayı ilbəil artmaqdadır.
İcra başçısı bütün bunların Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olduğunu qeyd etmişdir. Güclü iqtisadi təməllər üzərində qurulan müstəqil, suveren Azərbaycanımızın bütün sahələrdə durmadan inkişaf etdiyini diqqətə çatdıraraq hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli tikinti-quruculuq işlərindən və əhalinin doğma yurdlarına köçərək məskunlaşmasından danışmışdır. Tamamilə yenidən qurulan, yüksək zövqlə salınan şəhər və kəndlərimizə soydaşlarımızın qayıdışına xalqımızın hədsiz sevindiyini bildirmişdir.
Respublikamızın digər bölgələrində, o cümlədən, rayonumuzda da quruculuq işlərinin durmadan davam etdiyini bildirən icra başçısı, hazırda rayonda həyata keçirilən layihələr barədə iştirakçıları məlumatlandırmışdır.
Kənd sakinləri onların yaşayışlarına təsir edən sosial layihələrdən danışaraq əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, səmimi görüşə və qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə təşəkkür etmiş, kənddə elektrik xətt təsərrüfatının yenilənməsinə, qaz xəttinin çəkilməsinə, Miki kənd məktəbi üçün yeni binanın tikilməsinə, kənd yolunun asfalt olunmasına, pay torpaq sahəsinin yerinin göstərilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşların arzu və təkliflərini dinləmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.







