Vaqo kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirtdiyi növbəti səyyar qəbul-görüş Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqo kəndində olmuşdur. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı yerlərdə keçirilən görüşlərin ərazidə mövcud olan, vətəndaşları narahat edən problemlərin öyrənilməsi və həll edilməsində mühüm rol oynadığını bildirmişdir. Qeyd etmişdir ki, ötən səyyar qəbullarda tərəfinizdən qaldırılan məsələlərin əksəriyyəti həllini tapmışdır. Yol infrastrukturu yaxşılaşdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, yeni məktəb binaları tikilmiş, qazlaşdırma aparılmış, sel-suları nəticəsində dağılaraq sıradan çıxmış avtomobil körpüsü yenidən tikilərək bərpa edilmişdir. Hazırda ən çox bizi narahat edən məsələ Təngərüdçayın Şağlazüzə kəndi ərazisindən keçən hissəsində sahilbərkitmə işlərinin aparılması və yeni avtomobil körpüsünün tikintisidir. Körpünün layihəsi hazırlanmış, yaxın vaxtlarda tikintisi həyata keçiriləcəkdir. Bir neçə kənddən ibarət olan nümayəndəliyin ərazisi turizm baxımından çox əlverişlidir. Ümumiyyətlə, son illər aparılan tikinti quruculuq işləri rayonumuzun bütün yaşayış məntəqələrini turistlər üçün cəlbedici etmişdir. Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsaitlər hesabına yenilənən yol infrastrukturu, Astara şəhərində salınmış park-bulvar kompleksi, həmçinin çay plantasiyaları, sitrus bağları Astaranı turistik bir məkana çevirmişdir. Rayonumuza gələn turistlərin sayının ildən-ilə artması dediklərimizə sübutdur.
Bu gün Azərbaycanımız heç vaxt olmadığı qədər güclüdür. Ölkəmizdə sabitlik və əmin-amanlıqdır. Ən böyük problem həll olunub. Torpaqlarımız işğaldan azad edilib. Dövlətimizin suverenliyi tam bərpa olunub. Hazırda cənab Prezidentin rəhbərliyi ilə erməni vandalları tərəfindən Qarabağda və Şərqi Zəngəzurda tamamilə dağıdılmış, talan edilmiş kəndlər, şəhərlər bütövlükdə yenidən tikilir. Böyük qayıdış proqramı çərçivəsində soydaşlarımız mərhələli şəkildə doğma yurdlarına qayıdırlar.
Bütün bunlara görə Ümummilli Lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Görüş iştirakçıları çıxışlarında ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin bərpa edilməsi, uğurlu inkişafından qürurla danışaraq, vətəndaşların rifahının yaxşılaşdırılması ilə əlaqədar görülən işlərdən razılıq etmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını bildirmişlər. Sakinlər məhəlləyə qaz xəttinin çəkilməsinə və yolun təmir edilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, Geşəve-Dəşandə yaşayış massivinə gedən yolun təmir edilməsinə və elektrik xətt təsərrüfatının yenilənməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.







