Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Viləşə kəndində səyyar qəbul və görüş

16 iyul 2026 | 17:52

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dağlıq ərazidə yerləşən Viləşə kəndində əhali ilə keçirdiyi növbəti səyyar qəbul-görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı kəndlərində keçirtdiyimiz səyyar qəbullarda bəziləriniz iştirak eləsə də, bu gün sizinlə yaşadığınız Viləşə kəndində görüşmək qərarına gəldik. Bu kənd mürəkkəb relyefli dağlıq ərazidə yerləşsə də çox mənzərəli, səfalı bir kənddir. Əvvəlki görüşümüzdə kəndə internet xəttinin çəkilməsini xahiş etmişdiniz. Artıq kənddə hər bir vətəndaşın evinə sürətli internet xətti çəkilmişdir. Elektrik xətlərinin böyük əksəriyyəti yenilənmiş, bu istiqamətdə işlər davam edir. Çınqıl döşənmiş avtomobil yolları qonşu kəndlərdə olduğu kimi yaxın gələcəkdə asfaltlaşdırılacaqdır. Ərazi dağlıq olmasına baxmayaraq sitrusçuluq, heyvandarlıq və arıçılığın inkişafı üçün çox əlverişlidir. Sizin torpağa bağlılığınızı, zəhmətkeşliyinizi bildiyim üçün dövlətimizin aqrar sektora verdiyi dəstəkdən istifadə edərək təsərrüfatlarınızı daha da genişləndirməyi tövsiyə edirəm. Viləşə kəndi həm də rayonumuzun mənzərəli, səfalı yaşayış məntəqələrindən biridir. Kənd abadlaşdıqca turistlər və qoinaqlar üçün cəlbediciliyi də artmışdır. Artıq turistlər bu istiqamətdə də tez-tez gəlirlər. İnanıram ki, bu davamlı olacaqdır.

Kəndin əsas problemləri bizə bəllidir. Bunlar kəndə təbii qaz xəttinin çəkilməsi və avtomobil yolunun əsaslı təmiridir. Hər iki problemin həlli üçün tədbirlər müəyyənləşdirilir. Yaxın gələcəkdə bunlar da həllini tapacaq.  

İcra başçısı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün  cənab Prezidentin apardığı uğurlu siyasətdən danışmış, respublikada həyata keçirilən qlobal layihələr, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastrukturun bərpası barədə iştirakçıları məlumatlandırmışdır.

Qeyd etmişdir ki, ölkəmiz böyük inkişaf yolundadır. Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlığını bildirirlər.  

Sakinlər çıxış edərək son illər respublikada və rayonda aparılan abadlıq-quruculuq işlərinə, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirtdiyinə görə icra başçısına razılıqlarını bildirmişlər.

Sakinlər Çüvaş kəndinə gedən yolda çay üzərində körpü qoyulmasına, kəndə qaz xəttinin çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, kəndə gələn yolun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.

Keçidlər