Vovada kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vovada kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı nümayəndəliyin ayrı-ayrı kəndlərində vaxtaşırı keçirilən səyyar qəbulların həmişə vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müəyyən tədbirlərin görülməsi ilə yadda qaldığını bildirmişdir. Əraziyə asfalt yollar çəkiləndən sonra əsas problem həllini tapmış, burada yaşayan minlərlə vətəndaşımızın rahatlığı təmin olunmuşdur. Bundan başqa modul tipli yeni məktəb binası tikilmiş, elektrik xətt təsərrüfatında bəzi təmir işləri aparılmışdır. Bu işlər eyni zamanda nümayəndəliyin digər kəndlərində görülmüş və davamlı olaraq aparılacaqdır.
Sakinlər çıxış edərək ölkə Prezidentinin apardığı məqsədyönlü siyasəti ürəkdən bəyəndiklərini, ölkəmizin iqtisadi qüdrətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı hər bir qətiyyətli addımdan qürur duyduqlarını bildirmişlər. Son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə danışmış, göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, vətəndaşları yerində dinləyərək problemlərinin həllinə göstərdiyi köməkliyə görə icra başçısına təşəkkür etmişlər. Çıxış edənlər kəndə qaz xəttinin çəkilməsinə, internet şəbəkəsinin yaradılmasına, Lomin kənd ibtidai məktəbinin ümumi orta məktəbə çevrilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirək və naqillərinin dəyişdirilməsinə, odun yanacağı ilə təmin edilməsinə, məhəllələyə Hirkan Milli Parkı ərazisindən yol çəkilməsinə köməklik edilməsini xahiş etmişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlarını vermişdir.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentin uzaqgörənliyi ilə müstəqil dövlətimizin qazandığı nailiyyətlərdən, iqtisadi gücünü artırmaqla bütün sahələrdə müəyyən etdiyi hədəflərə çatmasından danışmış, dünyada sülhə, əmin-amanlığa hesablanan Azərbaycan reallıqlarının mütərəqqi beynəlxalq güclər tərəfindən qəbulundan söhbət açmışdır. Bu günlərdə Qoşulmama Hərəkatının növbəti zirvə toplantısının Bakı şəhərində yüksək səviyyədə keçirilməsi və cənab Prezident İlham Əliyevin toplantında geniş məzmunlu, qətiyyətli çıxışından sitatlar gətirən icra başçısı bunun bizi bir daha qürurlandırdığını vurğulamışdır.
Qeyd etmişdir ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman ordumuzun yenilməz gücü ilə düşmənin biabırçı məğlubiyyətə uğradılaraq torpaqlarımızın işğaldan azad edilməsi zəfər tariximizin ən şanlı səhifəsidir. Hazırda həmin torpaqlarda düşmənin vəhşicəsinə talan etdiyi yaşayış məntəqələrinin bərpası işləri aparılır. Bilirsiniz ki, bu milyonlarla, milyardlarla vəsait tələb edir. Amma sevindiricidir ki, güclü iqtisadiyyata malik dövlətimiz bütün bunların öhdəsindən dəyanətlə gəlir. Ölkəmizin vətəndaşları müharibə günlərində olduğu kimi, hazırda da yumruq kimi birləşərək bu quruculuq işlərində sevə-sevə iştirak edirlər.
Qarabağ bölgəsi ilə yanaşı digər rayonlarımız da durmadan inkişaf edir. Əhalinin sosial rifahı üçün dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsi davam edir. Hazırda nümayəndəliyin Diqo kəndində modul tipli ibtidai məktəb binasının quraşdırılması tamamlanmaq üzrədir. Yaxın günlərdə Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılacaqır. Tkinti-abadlıq işləri digər yaşayış məntəqələrimizdə də aparılır.
Bunlar hamısı Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi, cənab Prezidentin bu siyasəti uğurla davam etməsinin nəticəsidir. Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar rayonumuzda keçirilən silsilə tədbirlərdə vətəndaşlarımızın kütləvi iştirak etməsi, dahi şəxsiyyət haqqında ürəkdolusu danışmaları, xalqın öz xilaskarına olan böyük sevgisinin bariz nümunəsidir.
Cənab Prezidentimiz sayəsində ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir. Bizim də əsas vəzifəmiz cənab Prezidentin ətrafında sıx birləşməklə, bu əmin-amanlığı qorumaq və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməkdir.