Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Vovada kəndində səyyar qəbul və görüş

18 iyun 2026 | 12:11

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vovada kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.   

İcra başçısı rayonun qəsəbə və kəndlərində keçirilən səyyar qəbulların ənənəvi hal aldığını qeyd etmişdir. Bildirmişdir ki, dağ kəndlərində bu cür görüşlərin keçirilməsinə daha çox üstünlük veririk. Çünki vətəndaşlarımızın xeyli yol qət edərək rayon mərkəzinə gəlməsini istəmirik. Sakinlərin təkliflərini və problemlərini dinləyir, həlli üçün birgə çalışırıq. Son illərdə Vovada kəndində və ümumiyyətlə nümayəndəliyin ərazisində xeyli iş görülüb. Bütün məktəb binaları yeni tikilmiş, yollar əsaslı təmir olunmuş, yüksək gərginlikli elektrik xətləri yenilənmiş, sürətli internet şəbəkəsi yaradılmış, yolu və işığı olmayan Dolu, Şəvqo, Sibiyyət, Diqo və Avyarud kəndlərinə də cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsaitlər hesabına yol və elektrik xətti çəkilmişdir.   

İcra başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentin uzaqgörənliyi ilə dövlətimizin beynəlxalq aləmdə formalaşan müsbət imicindən, qazandığı nailiyyətlərdən danışmış, torpaqlarımızın işğaldan azad edilməsi ilə  dövlət suverenliyinin bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurda vəhşi düşmənin dağıtdığı şəhər və kəndlərin yenidən qurularaq, soydaşlarımızın doğma yurdlarına qayıdışı barədə ətraflı məlumat vermişdir.

Qeyd etmişdir ki, dağılan infrastrukturun bərpası milyardlarla vəsait tələb etsə də güclü iqtisadiyyata malik dövlətimiz bütün bunların öhdəsindən dəyanətlə gəlir. Ölkəmizin vətəndaşları müharibə günlərində olduğu kimi, yenə də yumruq kimi birləşərək bu quruculuq işlərində sevə-sevə iştirak edirlər.     

Digər regionlar, o cümlədən, rayonumuz da durmadan inkişaf edir. Əhalinin sosial rifahı üçün dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsi davam edir. Yaşayış məntəqələrimizin yollarının əsaslı təmiri gözəl mənzərsi olan ən ucqar kəndlərimizi rayona gələn turist və qonaqlar üçün əlçatan etmişdir. Prezidentimiz möhtərəm cənab İlham Əliyevin apardığı mükəmməl siyasət nəticəsində ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir. Bizim də əsas vəzifəmiz bu əmin-amanlığı qorumaq və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməkdir.

Sakinlər çıxış edərək cənab Prezidentin rəhbərliyi ilə rayonumuzda əhalinin rahatlığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışmış, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Vətəndaşları yerində dinləyərək problemlərinin həllinə göstərdiyi köməkliyə görə icra başçısına təşəkkür etmişlər. Çıxış edənlər kəndin avtomobil yolunun genişləndirilməsinə, çayın üzərindəki piyada körpünün təmir edilməsinə, köhnə elektrik dirəklərinin dəyişdirilməsinə, məhəlləyə internet xəttinin  çəkilməsinə, məhəllə yolunun davamı üçün Hirkan Milli Parkının rəhbərliyindən icazə alınmasına, Düriyyə-Şümrüd yolu salınan zaman torpaq altında qalmış bulağın bərpa edilməsinə, Hirkan Milli Parkın rəhbərliyi tərəfindən cərimə edilmiş kafelərin fəaliyyətinə köməklik göstərməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər