Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vovada yaşayış massivində səyyar qəbul və görüş

11 iyul 2024 | 16:27

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin qəsəbə və kəndlərlə yanaşı ən ucqar yaşayış məntəqələrində əhali ilə görüşərək səyyar qəbullar keçirməsi sakinlər tərəfindən razılıqla qarşılanmaqla, verilən təkliflərin, qaldırılan məsələlərin operativ həllinə öz müsbət təsirini göstərir.

Kijəbə qəsəbə inzibati ərazi dairəsinin dağlıq ərazidə yerləşən yaşayış massivlərindən biri olan Vovadada keçirilən səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı qəsəbənin ayrı-ayrı yaşayış məntəqələrində vaxtaşırı keçirilən səyyar qəbullarda görüşdüklərinə baxmayaraq,  Vovada yaşayış massivində keçirilən görüşdə əsas məqsədin əhalini yerində dinləmək olduğunu bildirmişdir. Qeyd etmişdir ki, nümayəndəliyin əksər kəndləri dağlıq ərazidə yerləşdiyindən bütün problemlərin birdəfəlik həlli mümkün deyil. Ancaq diqqət yetirsək görərik ki, cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına son illər qəsəbədə böyük işlər görülmüşdür. Yollar asfaltlaşdırılmış, müasir tipli məktəblər tikilmiş, qazlaşma aparılmışdır. Cari təmir işlərinə baxmayaraq hazırda yüksək gərginlikli elektrik xətlərinin Sım kəndinə qədər yenilənməsinə başlanmışdır. Bununla əhaliyə verilən elektrik enerjisinin keyfiyyəti xeyli yaxşılaşacaq. Qəsəbədə əhalinin əsas məşğuliyyətinin sitrusçuluq olduğu nəzərə alınaraq yaxınlıqdakı Ojakəran kəndinə Lovayın su anbarından iri ölçülü borularla aparılan yeni suvarma su xəttinin çəkilişi başa çatdırılmış, hazırda su anbarının tikintisi aparılır. Buradan bütün qonşu kəndlərə suvarma suyunun verilməsi təmin olunacaq. İşgüzarlığınız, zəhmətkeşliyiniz hər addımda görünür. Ərazidə salınan sitrus bağlarının sahəsi ildən-ilə genişlənir. Bu yaxşı haldır. Sitrus əkinini yeni məhsuldar sortlarla artırmaq lazımdır. Bundan başqa heyvandarlıq və arıçılıq da yerli sakinlərin əsas məşğul olduğu sahələrdir. İndi kənd təsərrüfatının bütün sahələrinə yaxşı subsidiyalar verilir. Dövlətin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edin. Bununla hər kəs bacardığı sahəyə uyğun həyat səviyyəsini yaxşılaşdıra bilər.  

İcra başçısı Ulu Öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımızın onun siyasi varisi möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə uğurlu inkişafından bəhs edərək həyata keçirilən iqtisadi siyasətin müsbət nəticələrindən danışmışdır. Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyasının genişləndirilməsini qeyd edərək, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, imzalanan sərəncamlardan bəhs etmişdir.  

İcra başçısı fevral ayında keçirilən Prezident seçkilərində doğru-düzgün seçimə görə sakinlərə təşəkkürünü bildirərək qarşıdan gələn Milli Məclis seçkilərində də  bu mütəşəkkilliyi davam etdirməyə, ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirtdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Kənd sakinləri çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada və rayonda görülən geniş quruculuq abadlıq işlərindən razılıq edərək, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi tədbirlərə görə ölkə rəhbərinə hədsiz minnətdarlıq ifadə etmişlər. Sakinlər icra başçısına əhali ilə tez-tez görüşlər keçirtdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı qaz xəttinin çəkilməsinə, qış aylarında  odun yanacağı ilə təmin olunmalarına, Burzubənd kəndinə gedən yolda suötürücü borunun qoyulmasına, elektrik xətlərinin təmirinə, tibb məntəqəsinin açılmasına köməklik göstərilməsini xahiş etmişlər.  

İcra başçısı sakinlərlə səmimi və işgüzar görüşdən razılığını bildirmiş, qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar tapşırıqlar vermiş, digərlərinin araşdırılaraq tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.

Keçidlər