Xıçaso kəndində səyyar qəbul və görüş
Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərin əksəriyyəti dağlıq ərazidə yerləşir. Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə görüşə gəldiyi Xıçaso kəndinin ərazisi də dağlıqdır. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, Xıçaso kəndi dağlıq ərazidə yerləşsə də, olduqca səfalı, mənzərəlidir. Son illər rayonumuzun digər yaşayış məntəqələrində olduğu kimi burada da müəyyən abadlıq işləri görülmüşdür. Şağlazüzə kəndindən Şəmətük kəndinədək avtomobil yolu asfaltlaşdırılmış, Xıçaso kənd youna çınqıl döşənərək təmir olunmuş, Təngərüd çayı üzərində bir neçə körpü salınmış, qəzalı vəziyyətdə olan elektrik dirəkləri və xətlər dəyişdirilmiş, internet xətti çəkilmişdir. Bu işlərin görülməsində, əsasən yolların qaydaya salınmasında yerli əhalinin işgüzarlığını xüsusi qeyd edir, sizə təşəkkürümü bildirirəm.
Ümumiyyətlə, dağ kəndlərimiz səfalı olmaqla, turizmin inkişafı üçün çox əlverişlidir. Bu kəndlərin yolları asfaltlaşdırıldıqdan sonra rayonumuza maraq xeyli artmış, turist axını güclənmişdir. Gələcəkdə bu sahədə daha böyük irəliləyiş olacaqdır.
İşgüzarlığınız, zəhmətkeşliyiniz məni çox sevindirir. Gözəl sitrus bağları yetişdirmisiniz. Bu sahə gəlir gətirən sahə olduğundan daha da inkişaf etdirməklə, yeni, daha əlverişli üsullardan istifadə etməklə, məhsuldar sortların yetişdirilməsinə diqqəti artırın. Dövlətimiz də kənd təsərrüfatının inkişafına böyük önəm verir. Ayrı-ayrı sahələrə ayrılan subsidiyalar və digər güzəştlər təsərrüfatla məşğul olan hər bir vətəndaş üçün əlavə imkanlar yaradır.
Son illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran icra başçısı bu istiqamətdə işlərin davamlı olacağını bildirmiş, bütün görülən işlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasətinin dayandığını diqqətə çatdırmışdır.
Bildirmişdir ki, bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin siyasi, diplomatik gedişləri ilə beynəlxalq aləmdə gündən-günə nüfuzu artan Azərbaycan, ən böyük problemi olan Qarabağ problemini həll edə bildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgərlərimizin fədakarlığı ilə uzun illər işğalda olan torpaqlarımız azad edildi. İndi Azərbaycanın şanlı bayrağının dalğalandığı həmin torpaqlarda tamamilə dağıdılmış infrastrukturun sürətli bərpası həyata keçirilir. İşğal dövründə düşmənin vəhşicəsinə taladığı, xarabalığa çevirdiyi cənnət Qarabağımız aparılan bərpa işləri ilə yenə də əvvəlki görkəmini almaqdadır. Artıq Şərqi Zəngəzura və Qarabağa böyük qayıdışa başlanmışdır ki, bu da bizi hədsiz sevindirir.
Kənd sakinləri çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğıya görə möhtərəm Prezidentə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Sakinlər eləcə də, icra başçısına rayonun ucqar bir kəndinə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə minnətdarlıq etmişlər.
Sakinlər Xıçaso kənd yolunun təmir olunmasına, kəndə marşrut avtobusunun verilməsinə, Xıçaso-Sipiyəpart yolunun çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, qaz xəttinin çəkilməsinə, Xıçaso və Şəmətük kənd ibtidai məktəbini bitirən şagirdlərin digər məktəblərdə təhsillərini davam etdirməsi üçün nəqliyyat vasitələrinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.