YAP Astara rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, YAP Mərkəzi aparatının məsul əməkdaşı Əli Axundov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri və fəal üzvləri iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
YAP Astara rayon təşkilatının inzibati binasının konfrans zalında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi anılıb.
Tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev partiyanın dövlətçilik tarixində oynadığı misilsiz rolundan bəhs edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında sabitliyin, inkişafın və milli həmrəyliyin əsas dayağına çevrilmişdir. Bu partiya həm də xalqın iradəsi, dövlətçilik ideyaları və gələcəyə olan inamını təcəssüm etdirən güclü ictimai-siyasi qüvvədir. YAP Astara rayon təşkilatı fəaliyyəti dövründə dövlətə sədaqət, Vətənə xidmət və xalqla bağlılıq nümunəsi sərgiləmişdir.
Daha sonra YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov yaradılmasının 32 illiyi qeyd edilən rayon təşkilatının hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. H.Cəfərov tədbir iştirakçılarına təşkilatın keçdiyi yol, son illərdəki fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə geniş məlumat vermişdir.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov və Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan və bugünkü güclü mövqeyindən bəhs etmişlər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman və təşəkkürnamələr təqdim olunub.







