Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Züngüləş kəndində səyyar qəbul və görüş

26 may 2022 | 16:09

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züngüləş kəndində səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.    

Dağlıq ərazidə yerləşən kənddə əvvəlki illərdə keçirilən səyyar görüşlərdə əhalinin qaldırdığı problemlərin həlli ilə əlaqədar görülən konkret tədbirlər səmərəsini vermişdir. Kəndə gələn avtomobil yolunun asfaltlaşdırılması, əhaliyə təbii qazın verilməsi sakinlərin rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərmişdir. İcra başçısı bunları qeyd edərək pandemiya dövründən sonra sakinləri narahat edən məsələləri dinləmək, həllinə köməklik etmək üçün növbəti dəfə görüşə gəldiyini bildirmişdir.

Kənd sakinləri çıxış edərək onlarla görüşə gəldiyinə görə icra başçısına minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Astara rayonunda da aparılan geniş abadlıq və quruculuq işləri yüksək qiymətləndirmiş və bütün bunlara görə möhtərəm cənab Prezident İlham Əliyevə ən xoş arzularını ifadə etmişlər. Sakinlər bununla yanaşı kəndə telefon xəttinin çəkilməsi və internetin verilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, pay torpaqlarının yerinin dəqiqləşdirilməsi, Züngüləş kənd ümumi orta məktəbi üçün yeni binanın və kəndin mərkəzindən keçən çay üzərində avtomobil körpüsünün tikintisinə köməklik göstərilməsi barədə təkliflər irəli sürmüşlər.

İcra başçısı səmimi görüşə görə sakinlərə razılığını bildirmiş, sadalanan problemlərin həlli istiqamətində müəyyən addımların atıldığını, digərləri barədə də tədricən tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimizin müdrik rəhbərliyi ilə Respublikamızın sürətli inkişafından, bütün dünyada Azərbaycanı tanıdan və nüfuzunu qaldıran 44 günlük Vətən müharibəsindəki zəfərdən  söhbət açmışdır. Dövlət başçımızın müstəqil Azərbaycanın çiçəklənməsi üçün  mümkün olan bütün tədbirləri həyata keçirdiyini qeyd edən icra başçısı, cənab Prezidentin rayonumuzun inkişafı və sosial layihələrin icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlərdən danışmışdır. Xüsusən, İstisu su elektrik stansiyasının təməl qoymasında cənab Prezidentin iştirakını, Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş (Bəndəsər) avtomobil yolunun yenidən qurularaq asfaltlaşdırılmasından ötrü sərəncam imzalamasını astaralılara olan diqqətin bariz nümunəsi olduğunu vurğulamış, bu diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq etmişdir.

İcra başçısı bildirmişdir ki, Züngüləş kəndi Hirkan Milli Parkın ərazisində yerləşdiyindən burada təbiətə xüsusi diqqətlə yanaşılmalı, illər əvvəl məskunlaşdıqları ərazidən kənarda tikililər aparmamaq şərti ilə yaşamağa davam etməlidirlər. Gözəl təbiətə və müalicəvi sulara malik bu əraziyə asfalt yollar çəkiləndən sonra turistlərin və xarici qonaqların gəlişi xeyli artmışdır. Burada yeni turizm obyektləri salındıqca gələn qonaqların sayı da artacaqdır ki, bu da rayonun inkişafı ilə yanaşı, yerli sakinlərin dolanışığına müsbət təsirini göstərəcəkdir.  

Əhalinin rifah halının durmadan yaxşılaşdırılmasına yönəldilən tədbirlərin, icra edilən sosial layihələrin davamlı olacağını qeyd edən icra başçısı, dövlətimiz tərəfindən bu istiqamətdə mühüm işlər görüldüyünü diqqətə çatdırmışdır.

Keçidlər