Züngüləş kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züngüləş kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bu görüşün ölkəmiz və xalqımız üçün əhəmiyyətli günlərə təsadüf etdiyini bildirmişdir. Qeyd etmişdir ki, möhtərəm Prezident cənab İlham Əliyevin 20 sentyabr tarixinin ölkəmizdə “Dövlət Suverenliyi Günü” elan edilməsi ilə bağlı Sərəncamı hamımızın sevincinə səbəb olmuşdur. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Müzəffər Ali Baş Komandanın əmri ilə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində qəhrəman ordumuz torpaqlarımızda yuva salmış erməni terroristlərini cəmi 23 saata darmadağın edərək təslim olmağa məcbur etdilər. Bununla da ölkəmizdə separatizmin kökü kəsildi, suverenliyimiz bərpa edildi. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həyat öz axarına düşüb. Erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastruktur sürətlə bərpa olunur. 30 il bundan əvvəl erməni zülmü ilə didərgin salınan soydaşlarımız sevinclə daimi məskunlaşmaq üçün doğma yurdlarına qayıdırlar. İşğaldan azad edilmiş torpaqlarımızda dalğalanan şanlı Azərbaycan Bayrağını seyr etdikcə qürur və iftixar hissi keçiririk.
Sentyabrın 20-si həm də “Əsrin müqaviləsi” kimi tarixə düşən neft kontraktının bağlanmasının 30-cu ildönümüdür. 1994-cü ildə yaradılan əngəllərə baxmayaraq Ulu Öndər bütün maneələri məharətlə dəf edərək ölkəmizin gələcək inkişafının əsasına çevriləcək bu müqaviləni imzaladı. Məhz bununla Azərbaycanın güclü iqtisadi inkişafı başladı. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş tarixi zəfərin sevincini, cənab Prezident uzun illər gərgin fəaliyyət göstərməklə ölkəni iqtisadi, siyasi və hərbi cəhətdən yetərincə gücləndirərək xalqımıza yaşatdı.
İcra başçısı cənab Prezidentin rəhbərliyi ilə respublikamızda görülən mühüm işlərdən, həyata keçirilən qlobal layihələrdən danışmışdır. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin əmin-amanlıq şəraitində yaşayan xalqımızın rifahının daha da yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirtdiyini diqqətə çatdırmışdır. Böyük iqtisadi gücə malik olan dövlətimizin iqtisadi potensialından səmərəli istifadə etməklə dövlətin sütunlarının möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi ilə yanaşı sosial layihələrin həyata keçirilməsini ölkə rəhbərinin xalqına olan yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirmişdir.
Züngüləş kəndində əvvəllər keçirilən səyyar qəbulların səmərəli olduğunu, qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunduğunu bildirmişdir. Avtomobil yolu asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, kəndə internet xətti çəkilmişdir. Hazırda əsas problem Züngüləş kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisidir ki, bunun üçün də tədbirlər müəyyənləşdirilir.
İcra başçısı bildirmişdir ki, gözəl təbiətə və müalicəvi sulara malik Züngüləş kəndinə asfalt yollar çəkiləndən sonra əraziyə turistlərin və xarici qonaqların gəlişi xeyli artmışdır. Gələcəkdə yeni turizm obyektləri salındıqca gələn qonaqların sayı daha da artacaqdır ki, bu da yerli sakinlərin dolanışığına müsbət təsirini göstərəcəkdir.
Kənd sakinləri çıxış edərək son illər rayonumuzda və nümayəndəliyin ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər Züngüləş kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə, kənddə qəzalı vəziyyətdə olan 2 körpünün yenidən tikilməsinə, kəndin mərkəzində avtobus dayanacağının quraşdırılmasına, Bəndəsər ərazisində yolun çökmüş hissəsinin təmirinə, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə və elektrik sayğacının qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.