Züngüləş kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züngüləş kəndində keçirdiyi növbəti səyyar qəbul-görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı vaxtaşırı olaraq keçirilən səyyar görüşlərin əhəmiyyətini son illər görülən işlərin timsalında izah edərək əvvəllər keçirilən səyyar qəbullar zamanı qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, kəndin yolu asfaltlaşdırılmış, qaz xətti çəkilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, çay üzərində avtomobil körpüsü salınmış, sürətli internet şəbəkəsi yaradılmışdır. Hazırda Züngüləş kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə başlanmışdır. Məktəb binası köhnə və tədris üçün yararsız olduğundan müəllim və şagird kollektivi çətinliklər çəkirdilər. Normal tədris aparmaq mümkün deyildi. Bu vəziyyət əhali ilə yanaşı bizi də çox narahat edirdi. Tezliklə istifadəyə veriləcək müasir məktəb binası və yenilənən avadanlıqlar tədrisin keyfiyyətinə öz müsbət təsirini göstərəcəkdir.
Züngüləş kəndi həm də gözəl təbiəti, nadir termal suları ilə diqqəti cəlb edir. Dəvətimizlə bu əraziyə və termal bulaqlara mütəxəssislər tərəfindən baxış keçirilmiş, gələcəkdə turizm obyektləri, istirahət və müalicə ocaqlarının yaradılması üçün tədbirlər görüləcəkdir. Bu istiqamətdə layihələr həyata keçiriləndən sonra kəndin inkişafı daha da sürətlənəcək və əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır
İcra başçısı təqribən 2 kilometr aralıda yerləşən Vənəbicar deyilən ərazidən kəndə içməli suyun gətirilməsi ilə əlaqədar sakinlərin müraciətini müsbət cavablandıraraq bu barədə tədbirlər müəyyənləşdirəcəyini bildirmişdir.
İcra başçısı cənab Prezidentin rəhbərliyi ilə respublikamızda görülən mühüm işlərdən, həyata keçirilən qlobal layihələrdən danışmışdır. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin əmin-amanlıq şəraitində yaşayan xalqımızın rifahının daha da yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirdiyini, eyni zamanda işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda sürətli tikinti-quruculuq işlərinin aparıldığını diqqətə çatdırmışdır.
Kənd sakinləri çıxış edərək son illər rayonumuzda və nümayəndəliyin ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər kənddə əlavə elektrik transformatorunun qoyulmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, elektrik xətlərinə yaxın olan ağacların budanmasına və elektrik sayğacının yerinin dəyişdirilməsinə, Vənəbicar adlanan ərazidən kəndə su xəttinin çəkilməsinə, çay üzərində qəzalı vəziyyətdə olan körpünün təmir edilməsinə, avtobus dayanacağının quraşdırılmasına, fərdi yaşayış evinə elektrik və qaz xəttinin çəkilməsinə, məişət tullantıları üçün qutuların qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.
Görüş iştirakçılarının arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.







