Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri

09 may 2016 | 16:00

Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar daim hörmət və ehtiram bəsləyirlər. Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası  Astara rayon təşkilatının qərargahında ümumrayon tədbiri keçirilmişdir. Tədbiri Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri, ümumbəşəri fəaliyyəti barədə geniş məlumat vermişdir.

Qeyd etmişdir ki, bütün respublikada, o cümlədən rayonumuzun idarə, müəssisə və təşkilatlarında, mədəni-maarif müəssisələrində ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə geniş tədbirlərin keçirilməsi ulu öndərə olan ümumxalq məhəbbətinin təzahürüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Xatırlatmaq istəyirəm ki, ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.

1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır.

1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir.

Azərbaycana qarşı bədxah niyyətlərini həyata keçirmək üçün Heydər Əliyevin xalq arasında böyük nüfuzundan xoflanan qüvvələr onu müxtəlif bəhanələrlə sovet idarəçiliyindən uzaqlaşdırmağa nail oldular. Bu böyük insan bir də 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu. Qanlı 20 yanvar faciəsi törədilən zaman  Moskvada yaşayan Heydər Əliyev özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın burada fəaliyyət göstərən daimi nümayəndəliyinə gəldi və dünyanı silkələyən siyasi bəyanatla çıxış etdi.   

Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçilməklə həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respubilikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümüd və həyat vermişdir. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycanın üçrəngli  bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir.

Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı.  Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər,  yəni 2003-cü ilədək memarı olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.

Təcrübəli dövlət xadimi, bütün zamanların görkəmli siyasətçisi, dünya şöhrətli ümumbəşəri insan olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Bu gün Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev dühası qarşısında baş əyirik.

Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Bu gün Müstəqil Azərbaycanımız bütün sahələrdə sürətlə inkişaf edir. Dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycan sabit sülh siyasəti yeridən mütərəqqi dövlətlərin etibarlı tərəfdaşına çevrilmişdir. Müxtəlif sahələr üzrə keçirilən beynəlxalq tədbirlərin və tarixdə ilk dəfə təşkil olunan Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi də məhz, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsi, həyata keçirilən məqsədyönlü siyasətin böyük təntənəsidir

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ad günü  hamımız üçün böyük sevinc və böyük bayramdır. Bu münasibətlə mən hamınızı ürəkdən təbrik edirəm.

Ulu Öndərin həyat və fəaliyyəti haqqında rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyevin məruzəsi dinlənilmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının həkimi “Tərəqqi” medallı Fuad Səmədov,  Rayon Mərkəzi Kitabxananın direktoru, YAP Astara rayon Gənclər Təşkilatının sədri Tural Eyvazov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, veteran Paşa Əkbərov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söyləmişlər.

Sonda İcra hakimiyyətinin başçısı Q.Ağayev Yeni Azərbaycan Partiyasının  sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük biletlərini təqdim etmişdir.  

Keçidlər