Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ilin yekunları müzakirə edilmişdir

16 yanvar 2017 | 16:00

Yanvarın 16-da Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Ərazi icra nümayəndəsi Şahin Əmənullayev hesabat məruzəsində qeyd etmişdir ki,   Kijəbə qəsəbə  İƏD-si üzrə nümayəndəliyi bir şəhər tipli qəsəbə və 9 kənddən ibarətdir.  Nümayəndəliyin ərazisində 12200 nəfər əhali, 2500 təsərrüfat vardır.
          Nümayəndəliyin ərazisində 4 tam orta, 2 ümumi  orta,  3 ibtidai məktəb və 1 körpələr evi-uşaq bağçası, sahə xəstəxanası, 1 həkim,  3 tibb məntəqəsi, 3 mədəniyyət evi, 4 klub və 9 kitabxana fəaliyyət göstərir.
  Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar rayonumuzun hər yerində olduğu kimi nümayəndəlikdə də tikinti və quruculuq işləri aparılmış,  qazlaşdırma davam etdirilmiş, elektrik təsərrüfatının yenidən qurulması sahəsində tədbirlər görülmüşdür. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Ojəkəran, Tülagüvan, Şəmətük, Qəcimardə icmaları yaradılmış və onların köməkliyi ilə 27 kilometr kənd ara yolları təmir olunmuşdur. Rayon rəhbərliyinin yaxından köməkliyi ilə Burzubənd-Ojəkəran yolu asfaltlaşdırılmış, Kijəbə qəsəbə sahə xəstəxanası, mədəniyyət evi və uşaq bağçası əsaslı təmir olunmuşdur.
2016-cı ildə təhsil sahəsində uğurlar qazanılmış, 30 nəfərə yaxın məzun ali və orta ixtisas təhsil müəssisələrinə daxil olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-cı ildə keçirdiyi “Elektron təhsil” müsabiqəsində Kijəbə qəsəbə tam orta məktəbi respublika məktəbləri arasında 3-cü yerə layiq görülmüşdür.
Nümayəndəlikdə kənd təsərrüfatının inkişafı diqqət mərkəzində olmuş, keçən il fərdi təsərrüfatlarda 300 hektardan çox əkin aparılmışdır. Əvvəlki illərə nisbətən sitrus meyvələrinin istehsalı xeyli artaraq 18 min tona çatdırılmışdır. Bu sahənin inkişafı üçün son zamanlar ciddi tədbirlər görülür. İstifadəsiz qalan pay torpaqlar birləşdirilərək yeni sitrus sahələri salınır. Çayçılığın inkişafı üçün qüvvələr səfərbərliyə alınmış, baramaçılığın inkişafı məqsədilə nümayəndəliyin ərazisində 1500 ədəd tut tingi əkilmişdir.
  Hesabat yığıncağında çıxış edənlər  - Əminə Həsənova, Azər Kişiyev, Osman Osmanov, Vüsal Babayev, Səidə Gülverdiyeva, Əbülhəsən Muradov, Vahid Ağahüseynov, Nizam Fərziyev, Mahirə Rəsulova, Ələkbər İsayev, Rahim Baxşıyev  və başqaları vaxt tapıb vətəndaşlarla görüşə gəldiyinə və rayonda aparılan geniş quruculuq-abadlıq işlərinə görə İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, hesabat ilində görülən işləri yüksək qiymətləndirmiş, tənqidi qeyd və təkliflərini diqqətə çatdırmışlar. Qəsəbə və kəndarası yolların təmiri, Qəcimardə kəndində körpünün tikintisi, yeni idman meydançasının salınması, Kijəbə-Maşxan avtomobil yolunun asfaltlaşdırılması, suvarma suyu xəttinin çəkilməsi  barədə təkliflər verilmişdir.
Hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ulu öndər Heydər Əliyevin müdrik siyasətini ləyaqətlə davam etdirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi inkişafı ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat vermiş, dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq ölkəmizdə əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin davam etdirildiyini, respublikamızın bütün bölgələrində əmin-amanlığın və sabitliyin təmin olunduğunu diqqətə çatdırmışdır. Şəhər, qəsəbə və kəndlərdə, bütövlükdə rayonda aparılan geniş abadlıq və quruculuq işlərinə görə möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıq ifadə olunmuşdur.
İcra başçısı qeyd etmişdir ki, ölkə başçısı tərəfindən qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də kənd təsərrüfatının intensiv inkişafına nail olmaq, mövcud əkin sahələrindən səmərəli şəkildə istifadə edilməsi üçün bütün imkanları səfərbərliyə almaqdır. Bu istiqamətdə son illərdə rayonumuzda xeyli uğur qazanılmış, kənd təsərrüfatı əkinləri iki dəfə artırılmışdır. Təkcə keçən il sitrusçuluq, çayçılıq və çəltikçilik sahəsində yüksək göstəricilər əldə edilmişdir. Kijəbə qəsəbəsində sitrusçuluq sahəsində əldə edilən uğurlar fərəhlidir. Çalışmaq lazımdır ki, vahid qərar qəbul etməklə sitrus meyvələrinin əlverişli qiymətə satılması təmin olunsun. Burada qaldırılan məsələlərin bir çoxu daxili imkanlar hesabına, birgə fond yaratmaqla həll oluna bilər. Şübhəsiz ki, biz də bu işdə öz köməkliyimizi əsirgəməyəcəyik.
Qəsəbənin ərazisi ecazkar təbiətinə görə turistlərin böyük marağına səbəb olur. Ona görə də ekoturizmin inkişafına geniş diqqət yetirilməlidir. Təkcə keçən il rayon mərkəzindəki dənizkənarı park-bulvara görə rayonumuza gələn turistlərin sayı  5 dəfədən çox artmışdır. Gözəl və mənzərəli təbiətə malik qəsəbənin ərazisində müasir tələblərə cavab verən otellərin tikilməsi turist axınını xeyli gücləndirər. Bu sahənin inkişafına diqqətin artırılmasını tövsiyə edən icra başçısı görülən bütün işlərdə, həyata keçirilən bütün layihələrdə sahibkarlara, iş adamlarına müvafiq köməkliyin göstəriləcəyini diqqətə çatdırmışdır.

Keçidlər