Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada 2018-ci ilin doqquz ayının nəticələri müzakirə olunmuşdur

16 oktyabr 2018 | 16:00

Oktyabrın 16-da rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev rayon İcra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər. 

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır. Bu ilin doqquz ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişafını saxladığını, iqtisadi və beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini bildirmişdir. Sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla davam etdiyini qeyd edərək 2018-ci ilin bizim üçün uğurlu il olduğunu vurğulamışdır.

 İcra başçısı qeyd etmişdir ki, 2018-ci ilin doqquz ayının nəticələri rayonumuz üçün də uğurlu olmuşdur. Ən yaddaqalan hadisə oktyabrın 15-də möhtərəm cənab Prezident İlham Əliyevin  cənub bölgəsinə səfəri zamanı rayonumuzda olması və bir sıra obyektlərin açılışında iştirak etməsi olmuşdur. Cənab Prezident Taxtanakəran-Toradi, Taxtanakəran-Miki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yollarının istifadəyə verilməsinə xeyir-duasını verərək,  Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışını etdi. Eyni zamanda ərazisi genişləndirilərək 18 hektara çatdırılmış, Xəzər dənizi sahilində gözəl dizaynda salınmış park-bulvar kompleksində oldu. Görülən işləri yüksək qiymətləndirən cənab Prezident tikinti-quruculuq işlərinin davamlı olması üçün tövsiyə və tapşırıqlarını verdi.

Rayonumuzda Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi,  sel və daşqın təhlükəli Astaraçayda və Pensərçayında sahilbərkitmə işlərinin aparılması, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün vəsaitin ayrılması ilə əlaqədar Sərəncamlar imzalaması da  ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Astaraya və astaralılara yüksək diqqət və qayğısının bariz nümunəsidir. Bütün bunlara görə rayonumuzun sakinləri adından möhtərəm cənab Prezidentə hədsiz minnətdarlığımızı bildiririk.  

2018-ci ilin 9 ayı ərzində rayonumuzda bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 4 milyon 711 min manat icra olunmaqla 111 %, yerli xərclər isə 4 milyon 169 min manat icra olunmaqla 87 % təşkil etmişdir.

İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi 136 milyon manat olmuşdur.  Bunun 7.7%-i sənayedə, 38.7 %-i kənd təsərrüfatında, 17 %-i tikintidə,  34 %-i  ticarət və xidmətlər sahəsində, 2 %-i nəqliyyat və anbar təsərrüfatında, 0,5 %-i informasiya və rabitədə olmuşdur.

Rayonda inşaat işlərinin aparılması üçün hesabat dövrü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 24 milyon manat məbləğində vəsait  yönəldilmişdir ki, onun 95.6 %-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1255 manat təşkil etmişdir.

 Hesabat dövrünün ən yaddaqalan hadisəsi 18 sentyabr 2018-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən tikintisi başa çatdırılmış Ələt-Astara-İran sərhədi avtomobil yolunun açılışı olmuşdur. 15 metr eni və 4 hərəkət zolağından ibarət olan yolun uzunluğu  204 kilometrdir. Əvvəlki avtomobil yolundan 40 km qısa olan yolla rahat və təhlükəsiz şəkildə 2 saat yarıma Bakı şəhərinə çatmaq mümkündür. 

  9 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 11 km olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi və Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi ərazisinin genişləndirilməsi istiqamətində işlər başa çatdırılmışdır. “AAAF Park Astara” layihəsi çərçivəsində atçılıq meydançasının, kartinqin (maşın yarış meydançası) tikintisi tamamlanmış, Tuado otelinin, 6 istirahət evinin tikintisi davam etdirilir. Səncərədi kənd uşaq bağçasının tikintisi başa çatdırılmış, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının tikintisi davam etdirilir. Yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Rinə kəndinin qazlaşdırılmasına başlanmışdır. Şəhərin prospekt və küçələrində tikinti-quruculuq işləri, işıqlandırma sisteminin bərpası, 2018-ci ildə mənzil fonduna daxil olan  ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir.

Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi hesabat dövründə davam etmişdir. Respublika əhəmiyyətli Ələt-Astara-İran sərhədi avtomobil yolunda  avtoqreyderlə yol çiyinləri hamarlanmış, çınqıl materialı ilə bərkidilmiş, küvetlər təmizlənmiş, çala təmir işləri görülmüşdür.

Rayon Su Kanal Sahəsi 2018-ci ilin 9 ayı ərzində su və kanalizasiya xidmətlərinə görə ödənişi 89.60 % yerinə yetirmiş, 25400 kub metr su istehsal edilmişdir.  13570 manat dəyərində 24670 kub metr su satılmış, ödəniş əhali üzrə 111 % yerinə yetirilmişdir.

Astara şəhərində 109 km içməli su şəbəkəsinin inşası tam başa çatmış və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 ədəd su sayğacı quraşdırılmışdır. Suyun optimal idarə olunması məqsədilə 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı istifadəyə verilmişdir.

Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədilə 2018-ci ilin 9 ayında 262 evin qazlaşdırılması həyata keçirilmiş, 10400 paqonometr müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmış, 262 ədəd qaz tənzimləyici şkaf abunəçilər üçün quraşdırılaraq istifadəyə verilmişdir.

Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 3140 paqonometr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 262 ədəd fərdi qaz tənzimləyici abunəçilər üçün quraşdırılaraq istifadəyə verilmişdir.

Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Rayon ərazisində 10 kilovoltluq  və 0,4 kilovoltluq hava xətlərində 196 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılmış, 225 izolyator dəyişdirilmiş, 7840 metr  yeni naqil çəkilmişdir.

Sərək kəndində əhalinin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə 1 ədəd 160 kilovat gücündə transformator quraşdırılmış, 1.3 km məsafədə yeni 10 kilovoltluq hava xətti çəkilmişdir. 

Regionlarda genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi layihəsi əsasında şəhər üzrə 128 port tutumu olan avadanlıq quraşdırılaraq istifadəyə verilmişdir.  9 ay ərzində qovşağın tarif gəliri 802 min manat, rabitə xidmətlərinin həcmi isə 654586 manat olmuşdur. 

Hesabat dövründə Astara Poçt Filialına təyin edilmiş tarif gəliri  proqnozu faktiki olaraq 346 min 900  manat və ya  97 % icra edilmişdir. Poçt Filialı 1 milyon 601 min manat elektrik enerji haqlarını, 1 milyon 538 min manat qaz pullarını vətəndaşlardan qəbul edib “Azərpoçt” MMC-nin hesabına köçürmüşdür. Filialının 14 poçt şöbəsi kompüterləşdirilmiş, qalan şöbələrin kompüterləşdirilməsinə yaxın vaxtlarda başlanacaqdır.

Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsi tərəfindən 2018-ci ilin 9 ayı üzrə proqnoz plan 9780 min manat icra olunmuşdur ki, bu da 100.1% təşkil edir. Əhalinin sosial müdafiəsi məsələləri diqqətdə saxlanılmış, şəhid ailələrinə Prezident təqaüdünün, fəxri ad almış vətəndaşlara və cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərə təqaüdün və birdəfəlik müavinətin ödənilməsi təmin edilmişdir. 9 ay ərzində hərəkətdə olan sosial müavinət alanların sayı 5574 nəfər, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 1024 nəfər olmuşdur.

Rayon Dövlət Sığorta Filialı hesabat dövründə 34700 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə xəsarət almış əlillərə, şəhid olmuş vətəndaşların ailələrinə 26950 manat, xəsarət almış polis işçilərinə 3864 manat sığorta yardımı verilmişdir. 

Rayon  Məşğulluq  Mərkəzində 1189 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Ötən müddət ərzində mərkəzə iş üçün müraciət edənlərin 736 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 93 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilmiş, onların özünüməşğulluğu təmin edilmişdir.

Hesabat dövründə rayon təhsil şöbəsində də müəyyən işlər görülmüşdür. Rayonun əksər məktəbləri kompüter avadanlıqları və digər tədris ləvazimatları ilə təmin edilmişdir.

Rayon Təhsil Şöbəsi 2018-2019-cu dərs ili üçün Təhsil Nazirliyinə boş qalan və əlavə yaranan 151 müəllim yeri üçün sifariş vermiş, müəllimlərin işə qəbulunun birinci mərhələsində 39 müəllim işlə təmin olunmuş, 27 müəllim müddətli müqavilə ilə işə götürülmüşdür.

Tam orta təhsil səviyyəsi üzrə attestat alan 756 nəfər şagirddən 356 nəfəri ali məktəblərə daxil olmaq üçün ərizə ilə Dövlət İmtahan Mərkəzinə müraciət etmiş, 250 məzun tələbə adını qazanmışdır. 

Hesabat dövründə Astara rayon Mərkəzi Xəstəxanasına və tabeliyində olan səhiyyə müəssisələrinə 502 min nəfər ambulator olaraq müraciət etmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində 9 ay ərzində 103 xəstə üzərində cərrahi əməliyyat aparılmış, onlardan 52 əməliyyat təxirəsalınmaz, 74 əməliyyat isə planlı əməliyyat olmuşdur.

Rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. İnzibati ərazi nümayəndəlikləri üzrə kənd təsərrüfatı bitkilərinin əkini üçün şum işləri 2017-ci il ilə müqayisədə artaraq 2012 hektara çatdırılmışdır.

Rayon üzrə 252 hektar taxıl, 450 hektar sahədə çəltik əkilmişdir. Çəltik sahələrindən 16560 ton məhsul yığılmış, rayon üzrə orta məhsuldarlıq 36.87 sentner olmuşdur. Son illər rayonda sitrus meyvələrin istehsalına diqqət artmış, sitrus bağlarının ümumi sahəsi 3642 hektara çatdırılmışdır. Rayonumuzda ixtisaslaşdırılmış sahələrdən biri də çayçılıqdır. Hazırda 345 hektar çay sahəsi mövcuddur. Bu il rayon üzrə 197 hektar məhsuldar çay sahəsindən 483.5 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilmiş və yığım davam edir.

Bu il ilk dəfə olaraq rayonumuzda barama istehsalına başlanılmışdır. May ayında Qax rayonundan 52 qutu barama qurdu gətirilərək kümçülərə paylanılmış, 769 kq barama tədarük olunaraq Şəki İpək Kombinatına təhvil verilmişdir. 

2018-ci ildə rayon üzrə cəmi 2233,5 hektar olmaqla 1168 hektar kartof, 474 hektar soğan, 386.5 hektar xiyar, 530.5 hektar pamidor, 56 hektar kələm, 451 hektar bostan bitkiləri, 202 hektar sahədə qarğıdalı 371.3 hektar sahədə yeni yonca əkilmişdır.

Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 40370 baş iri, 22000 baş xırda buynuzlu, 1000 baş təkdırnaqlı, 200 min başdan çox ev quşları, 17500 arı ailəsi vardır. 2900 ton diri çəkidə ət,  20 min 360 ton süd  istehsal olunmuşdur.

Həyata keçirilmiş tədbirlər nəticəsində 9 ay ərzində 487 yeni iş yeri açılmışdır ki, bunun 288-i daimi iş yerləridir. 

Əkin sahələrini müntəzəm suvarma suyu ilə təmin etmək üçün kanallar təmizlənmiş, əlavə kanallar qazılmış, suyu sahəyə qaldırmaq üçün torpaq bəndlər vurulmuşdur. Sel-sularının axıdılması və çaylardan götürülən suvarma suyunu əkinçilərə vaxtında çatdırılması məqsədi ilə ilin əvvəlindən başlayaraq suvarma, suötürücü kanallarda, kollektor-drenaj şəbəkələrində mexanizimlərlə lildən təmizlənmə işlərinə başlanılmış, kanallar işlək vəziyyətə gətirilmişdir. 2018-ci ilin suvarma mövsümündə rayonda mövcud olan 4 mənbədən 18 milyon kub metr su götürülmüş, əkin sahələrinə 15 milyon kub metr su verilmişdir.  

Astara meşəbəyliyində 2018-ci ilin 9 ayında 15 hektar sahədə meşə meyvə bağları salınmışdır. Yeni şitillik sahələri salınmaq üçün 0.40 ha böyütmə sahəsi və 0.40 ha tinglik sahəsi yaradılmışdır. 

Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili və keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri  yaşayış və sərhəd məntəqələrində müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər. Ölkə Prezidenti tərəfindən 2018-ci ilin “Xalq Cümhuriyyəti” ili elan edilməsi ilə əlaqədar rayonun ayrı-ayrı yaşayış məntəqələrində gənclər, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə vaxtaşırı tədbirlər keçirilmiş, maariflənmə aparılmışdır. Yay mövsümündə Astara Mərkəzi kitabxanasında “Açıq kitabxana” fəaliyyətə başlamış, həftə boyu davam edən xidmət zamanı insanların sərbəst kitab oxuması üçün mütaliə stolu təşkil olunmuşdur.

Rayonun uzaq dağ kəndlərinin yollarının asfaltlaşdırılması və dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar kompleksinin tikilməsi ilə turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün   geniş imkanlar açılmışdır. 

Məlumat üçün bildirim ki, 2018-cı ilin 9 ayı ərzində mehmanxanalarda qeydiyyata düşən 2221 nəfər turistdən 1271 nəfəri yerli, 950 nəfəri xarici turistlər olmuşdur. Rayona gələn turistlərin bir qismi adətən evlərdə kirayədə qalmağa üstünlük verdiyini nəzərə alsaq yay mövsümü ərzində demək olar ki, rayonumuza təxminən 6000 nəfərdən çox turist gəlmişdir.

Gənclər və İdman İdarəsinin 2018-ci ilin 9 ayı ərzində keçirdiyi 62 tədbirdə 7 min nəfərdən çox gənc və idmançı iştirak etmişdir. “Azərbaycan gəncliyi 2017-2021–ci illərdə Dövlət Proqramı”nın icrasının təmin edilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, orduya hazırlığı məqsədilə “Şahin”, “Sərhəd”, “Gənc xilasedici və yanğınsöndürən” hərbi idman oyunları keçirilmişdir. 

Ötən dövr ərzində idmanın futbol, atletika, taekvando, boks, sərbəst güləş, futbol və şərq idman növləri üzrə idmançılarımız respublika tədbirlərində yüksək nailiyyətlər əldə etmişlər.

 Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik  tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olmuşdur.  Bunun nəticəsidir ki, gənclərin orduya çağırışı həmişə yüksək səviyyədə yerinə yetirilir.

Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.

Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilmişdir. 9 ay ərzində şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, icra hakimiyyəti başçısının aparatı, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 51 min manat vəsaitin köçürülməsi təmin edilmişdir.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.

Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. Rayonun əlverişli təbii şəraiti, aparılan tikinti-quruculuq işləri, hər cür şəraiti olan müasir park-bulvar kompleksinin tikintisi və yaradılmış yol infrastrukturu turizmin inkişafına geniş imkanlar açır. Ona görə də iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları qarşıda duran vacib məsələlərdəndir.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmalıyıq. 

Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə tapşırıqların verilməsinə, hər cür köməkliyin göstərilməsinə baxmayaraq rayonun bir çox kəndlərində istifadəsiz torpaq sahələri hələ də qalmaqdadır.  

İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr və digər aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul olmaqla, əhali ilə maariflənmə izahat işləri aparmalı, təbliğatı gücləndirməlidirlər.

Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  var qüvvəsini  səfərbər edəcəkdir.

Məruzə ətrafında rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin müdir müavini Tağı Şirinov, Telekommunikasiya qovşağının rəisi Rəsul Nəsirov, Təhsil şöbəsinin müdiri Rəşad Həsənov çıxış etmişlər.

Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev nitqində 2018-ci ilin doqquz ayında Respublikada aparılan genişmiqyaslı işlərdən danışmış, ölkənin daxili və xarici siyasəti, yüksək iqtisadi inkişafı barədə iştirakçıları məlumatlandırmışdır.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, nə qədər uğurlarımız olsa da, görüləsi işlər də çoxdur.  

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkədə aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar çağırış və tapşırıqlarına uyğun olaraq kənd təsərrüfatı ilə məşğul olan əhali üçün yaradılan əlverişli şərait nəticəsində rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalının ildən-ılə artması bizi çox sevindirir. Lakin qazanılan uğurlar bizi arxayın salmamalı, rayonun ayrı-ayrı yaşayış məntəqələrində istifadəsiz qalan hektarlarla kənd təsərrüfatı üçün yararlı torpaqların tamamilə əkin dövriyyəsinə qaytarılmasına maksimum çalışmalıyıq. 

Rayonumuzun hərtərəfli inkişafı, quruculuq-abadlıq işləri, dəniz sahilində salınmış park-bulvarın ərazisinin genişləndirilməsi, burada  yaradılan yüksək şərait, yol infrastrukturunun yaxşılaşdırılması turizm imkanları geniş olan rayonumuza gələn turistlərin sayında yüksək artımla müşahidə olunur. Ona görə də turizm infrastrukturunu inkişaf etdirmək məqsədi ilə daha səmərəli tədbirlərin həyata keçirilməsinə çalışmalıyıq.  

Qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı doqquz ayda görülən işlərin nəticələrinə əsasən 2018-ci ilin ölkəmiz və rayonumuz üçün yüksək inkişaf  və tərqqi ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.

 

Keçidlər