Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Marzəsə kəndində əhali ilə səyyar qəbul və görüş

11 aprel 2019 | 16:00

Rayonun ucqar kəndlərindən olan Marzəsə, Səxyəkəran, Bio, Bili kəndləri Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə aid olmaqla dağlıq ərazidə yerləşirlər. Bu kəndlərdə 600 nəfərə yaxın əhali, 100-dən çox təsərrüfat vardır. Marzəsə kəndində bir ümumi orta məktəb, bir klub və seçki məntəqəsi fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq, heyvandarlıqdır.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Marzəsə və ətraf kəndlərin əhalisi ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Görüş iştirakçılarını salamlayan icra başçısı bu kənddə üçüncü görüşü olmasına baxmayaraq nümayəndəliyin digər kəndlərində keçirdiyi səyyar qəbullarda daha tez-tez görüşdüklərini qeyd etmişdir. Narahatlıq doğuran  məsələləri öyrənmək və həllinə köməklik etmək məqsədi ilə bu gün bu dağlar qoynunda bir daha sizinlə görüşmək qərarına gəlmişik. Buyurun sizi dinləyirik.

Kənd sakinlərindən Möhübbət iskəndərov, Zakir Abdullayev, Xankişi Aslanov, Əliağa Quliyev, Elnarə Fətəliyeva və başqaları çıxış edərək son illər respublikamız və rayonumuzda quruculuq-abadlıq sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. İcra başçısına kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə razılıqlarını bildirmişlər.

Sakinlər görülən işlərlə yanaşı kənd yolunun asfaltlaşdırılması, təbii qaz xəttinin çəkilməsi, kənddəki çay üzərində körpünün qoyulması, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, Marzəsə kənd ümumi orta məktəb binasının təmiri və istilik siteminin yaxşılaşdırılması və s. barədə təkliflər də vermişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlərlə səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, qaldırılan məsələlərdən həlli daha vacib olan kəndə təbii qaz xəttinin çəkilməsidir. Bununla əhali xeyli rahatlıq tapmaqla, həm də nadir meşələrimiz qorunacaqdır.

Elektrik xətt təsərrüfatı isə tamamilə yenidən qurulacaqdır. Bu bir qədər zaman tələb eləsə də rayon ərazisində artıq işə başlanmışdır.

Kənd mürəkkəb dağlıq ərazidə yerləşdiyindən təmir olunan yollar da tez sıradan çıxır. 2015-ci ildə nümayəndəlik, bələdiyyə, kənd icması və Azərbaycan Kənd İnvestisiya Layihəsi icraçılarının birgə fəaliyyəti ilə bu kəndlərin yolu əsaslı  təmir olunmuşdu. Aradan xeyli müddət keçib, yolun yeni təmirinə ehtiyac vardır. İmkan yaranan kimi bu işə yenidən qayıdacağıq.

Sitrus bitkiləri üçün keyfiyyətli dərmanların əldə edilməsi, satışının təşkili ilə əlaqədar tədbir görəcəyik. Hesab edirəm ki, buna nail olmalıyıq. Çünki sitrusçuluq rayonumuzun sakinlərinin məşğul olduğu və gəlir gətirən  əsas sahələrdən biridir. Müasir üsullardan istifadə etməklə, tələb olunan aqrotexniki qaydalarla yeni məhsuldar bitki sortları əkmək lazımdır. 

Son illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran icra başçısı bu istiqamətdə işlərin davamlı xarakter aldığını bildirmişdir. Nümayəndəliyin bütün kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsini, yolların asfaltlaşdırılmasını, əksər kəndlərə qaz xəttinin çəkilməsini və digər abadlıq işlərinin görülməsini diqqətə çatdırmış, bunların insanlarımızın rahatlığı naminə həyata keçirildiyini vurğulamışdır.

Qeyd etmişdir ki, ölkəmizin gündən-günə güclənən iqtisadiyyatından əldə edilən gəlirlər insanlarımızın güzəranının yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə yönəldilir. 

Cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlar dediyimizə sübutdur. 2019-cu il başlananadan  minimum əmək haqları, bütün növ müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır. Problemli kreditlərin həlli ilə bağlı cənab Prezidentin verdiyi fərman isə dövlətin hər zaman vətəndaşlarının yanında olduğuna bariz nümunədir.  Belə tədbirlər bundan sonra da davamlı xarakter alacaqdır. 

 İcra başçısı görülən işlərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yüksək diqqət və qayğısı kimi dəyərləndirərək, bütün insanları dövlətçiliyi göz bəbəyi kimi qorumağa, ölkə rəhbəri ətrafında sıx birləşməyə çağırmışdır.

İcra başçısı Qəzənfər Ağayev Marzəsə kənd ümumi orta məktəbdə tədrislə maraqlanmış, məktəb kollektivi ilə səmimi söhbət edərək tövsiyələrini vermişdir.

 

  

 

 

Keçidlər