Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Aparılan islahatlar vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına xidmət edir.

12 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.

Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlər görülməkdədir.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmişlər. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.

Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.

Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.

8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Astara Rayon İcra Hakimiyyəti fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin birmənalı olaraq təmin edilməsi, həmçinin, rayonda korrupsiya halları və rüşvətxorluğun qarşısının alınmasından ötrü bütün imkanlardan maksimum istifadə edir.

Rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən COVİD-19 pandemiyası dövründə maddi vəziyyəti çətinləşən şəxslərə, tənha, xəstə və aztəminatlı vətəndaşlara ayrılmış zəruri ərzaq məhsullarından ibarət olan yardımların evlərində onlara çatdırılmasına nəzarətin təmin edilməsi, həmçinin, karantin dövründə vətəndaşların sərbəst hərəkəti üçün verilmiş müxtəlif məzmunlu arayışların düzgünlüyünün yoxlanılması məqsədilə şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vaxtaşırı olaraq reydlər və monitorinqlər keçirilir. 

Bundan əlavə cənab Prezidentin tapşırığına uyğun olaraq yaradılmış müvəqqəti iş yerlərinə həqiqətən ehtiyacı olan vətəndaşların cəlb edilməsi və həmin şəxslərin bank kartlarının şəxsən özləri tərəfindən əldə edilməsi daim diqqətdə saxlanılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə əsasən vətəndaşların qəbulu dayandırıldığına görə icra hakimiyyətində yaradılmış qaynar xətt və elektron poçt vasitəsilə vətəndaşların müraciətləri qeydə alınır. Edilmiş hər bir müraciət operativ şəkildə araşdırılaraq icrası qanunamüvafiq təmin edilir.  

Rayonda neqativ halların qarşısının alınması məqsədilə icra hakimiyyəti başçısı tərəfindən rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərləri ilə mütəmadi olaraq fərdi söhbətlər aparılır, onlayn müşavirələr keçirilir, fəaliyyətlərini qanunvericiliyə uyğun qurmaları, şəffaflığın  tam təmin edilməsi və vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşmaları ilə əlaqədar ciddi tapşırıq və tövsiyələr verilir.

Rayon icra hakimiyyəti tərəfindən verilmiş təlimatların icrasına nəzarət etməkdən ötrü qanunvericiliyə uyğun bütün tədbirlər həyata keçirilir.

 

 

Keçidlər