Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Tarixi

 

Astara rayonu Azərbaycan Respublikasının cənubunda İran İslam Respublikası ilə sərhəddə yerləşir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Astara şəhəridir.

Rayona Astara şəhəri, Kijəbə və Ərçivan qəsəbələri, Suparibağ, Məscidməhəllə, Qapıçıməhəllə, Rudəkənar, Seləkəran, Səncərədi, Artupa, Alaşa, Şovaş, Züngüləş, Şuvi, Sərək, Vəznəş, Siyatük, Səlivə, Deqədi, Sekəşan, Ojakəran, Tüləküvan, Burzubənd, Noyabud, Ovala, Xıçaso, Şəmətük, Sipiyəaləfədik, Vənəşikəş, Təngərüd, Maşxan, Pensər, Çayoba, Şiyəkəran, Şahağac, Kakalos, Kolatan, Bala Şahağac, Qamışoba, Siyaku, Lələkəpeştə, Vaqo, Liəzi, Sığaloni, Sığakəran, Binabəy, Şıxəməhlə, Siyakeş, Şağlazüzə, Həsin, Giləşə, Rinə, Taxtanəkəran, Qanqalaş, Lobır, Vaqadi, Miki, Giləparqo, Çüəş, Viləşə, Bili, Marzəsə, Bio, Asxanakəran, Bəlbay, Azaru, Bursut, Əkbərməhəllə, Motlayataq, Şıxınpeştə, Anbuba, Vıləpərqo, Dəstor, Hamoşam, Toradi, Reqluba, Kılınbi, Kamlakan, Rıvadılə, Pəlikəş, Lomin, Vovada, Dolu, Sibiyyət, Şəvqo, Avyarud, Sım, Şümrüd, Dürriyə, Diqo, Çükəş, Sipyəpard kəndləri daxildir.

Tarixi faktlar təsdiq edir ki, Astara Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astaranın adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xəritələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.

Eramızdan əvvəl 90-160-cı illərdə yaşamış görkəmli riyaziyyatçı, astronom və coğrafiyaşünas İsgəndəriyyəli Klavdi Ptolomey II əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə məlumat vermişdir. K.Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərinin adını çəkmiş və Astaranın adı yunanca “Astarata” kimi qeyd olunmuşdur. Qədim dünyanın digər alimi Strabon özünün “Tarixi hadisələr” barədəki qeydlərində “Astara” adının mövcud olmasını göstərərək “dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi” barədə fikirlər söyləmişdir.

Tarixi İpək yolu qədim yaşayış məntəqəsi olan Astaranın ərazisindən keçməklə Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası arasında geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının sahilində çox qədim tarixə malik olan karvansara mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.

Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olmuşdur. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları XIV əsrin əvvəllərində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A.M.Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək öz əsərlərində bu barədə geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlairlər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində “Zərbe Astara” (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hal-hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.

Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır.

Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599-1651) 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olmuş, qeydlərində Astara vilayətinin Xəzər dənizinin sahilində yerləşdiyini, burada gövdəli üzüm tənəkləri olduğunu yazmışdır. Qədim tarixçi Strabon da yazılarında Hirkaniya adlanan bu yerlərdə bir kiçik tənəyin bir səbət üzüm verdiyini qeyd etmişdir. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur.

Tanınmış macar şərqşünası və səyyahı Armin Vanberinin (1832-1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi “Türk elləri” adlı kitabında böyük bir fəsli Azərbaycana həsr etmiş, o cümlədən Astarada olduğunu bildirmiş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd etmişdir.

 

Astara nəyi ilə məşhurdur?

Aran və dağlıq ərazidən ibarət Astaranın şərqində Xəzər dənizi, qərbində isə zəngin meşəli Talış sıra dağları yerləşir. Müxtəlif xəstəliklərin dərmanı olan İsti su, Yanar bulaq və digər mineral və termal bulaqlar rayona gələn qonaqlar və turistlərin ən çox baş çəkdiyi yerlərdəndir.

Relikt və endemik dəmirağacı, şabalıdyarpaq palıd, ipək akasiya, şümşad, azat ağacları yalnız Astara meşələrində bitən nadir flora nümunələridir.

Xallı pələng, bəbir, qırqovul, xınalı kəklik, çöltoyuğu da Astara təbiətinin bəzəyidir.

Astara ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli çayı, çəltiyi, sitrusu, tərəvəzi və balı ilə də məşhurdur. Burada yetişdirilən narıngi, limon, portağal, feyxoa, kinkan, kivi və başqa sitrus və subtropik meyvələri Respublika və xarici ölkə bazarlarında özünəməxsus yer tutur.

Rəngarəng bitki örtüyünə malik Astarada istehsal olunan bal və digər arı məhsulları zəngin tərkibinə görə fərqlənir. Keyfiyyətli Astara balı sərgilərdə həmişə yüksək qiymətləndirilir. 

Astara çayına müxtəlif illərdə Madrid, Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə  ən yüksək qiymət verilmiş və Qızıl medala layiq görülmüşdür.

Astara düyüsünün müxtəlif növləri yüzilliklər ərzində əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Haşimi”, “Sədri”, “Ənbərbu”, "Xəzri" və digər çəltik növlərindən emal edilən düyü məhsulları özünəməxsus ətri, dadı və bərəkəti ilə hələ qədimdən şöhrət qazanmışdır. Bölgəmizin brendi olan Astara düyüsü süfrələrin bəzəyidir.

Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən “əl çörəyi”, ”ləvəngi” və onun müxtəlif növləri hər yerdə tanınır. Düyüdən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər bişirilir ki, bunların hər birinin özünəməxsus dadı var. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini daha da zənginləşdirir. Xüsusi ilə “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, boranı plov, toy qatığı və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir. 

Keçidlər